AFFA-nın U-13, U-11 və U-10 liqalarında baş tutmayan və yarımçıq dayandırılan oyunlara görə 6 komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
Bizim.Media xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
U-13 Liqasında oktyabrın 10-na planlaşdırılan "Gəncə" – "Offside" oyunu qonaqların heyətində yetərsay olmaması, "Dəmir Yumruq" – "Lokomotiv" matçı isə "Dəmir Yumruq"un təyin olunmuş vaxtda meydanda olmaması səbəbindən keçirilməyib. Bu səbəbdən "Offside" və "Dəmir Yumruq" komandalarına texniki məğlubiyyət verilib.
Oktyabrın 11-də təşkil olunan "Alfa" – "Aslan" qarşılaşması 40-cı dəqiqədə təhlükəsizliyin təmin olunmaması səbəbindən yarımçıq dayandırıldığı üçün "Aslan" kollektivi eyni cəza ilə üzləşib.
U-11 Liqasında oktyabrın 10-da baş tutmalı olan "Polad 2024" – "Marafon" görüşündə meydan sahibləri təyin olunan vaxtda meydanda olmadıqları üçün oxşar cəza alıblar.
U-10 Liqasında isə oktyabrın 10-da nəzərdə tutulan "Paralimpiya" – "Polad" matçına "Polad"ın gəlməməsi, oktyabrın 11-də keçirilməli olan "Mehdiabad" – "Baku Football Academy" qarşılaşmasında isə "Mehdiabad"ın heyətində yetərsay olmaması üzündən hər iki komandaya texniki məğlubiyyət yazılıb.
Bizim.Media




























































































