Kənd təsərrüfatı torpaqlarının konsolidasiyası üçün hüquqi mexanizm yaradılır.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Əmək və sosial siyasət komitələrinin bu gün keçirilən birgə iclasında müzakirə olunub.
Torpaq Məcəlləsinə təklif edilən dəyişikliyə görə, konsolidasiya kənd təsərrüfatı torpaqlarının kiçik hissələrə parçalanması torpaq resurslarından tam istifadəni ciddi şəkildə məhdudlaşdırır.
Parçalanma torpağın əkin məqsədilə istifadəsini azaldır, texnikadan səmərəli yararlanmaya maneə törədir, suvarma sistemlərinin effektiv qurulmasını çətinləşdirir, toxum, gübrə və digər aqrotexniki vasitələrdən məqsədyönlü istifadəni zəiflədir. Bunun nəticəsində istehsal xərcləri artır, məhsuldarlıq aşağı düşür, kənd ərazilərinin sosial-iqtisadi inkişafı ləngiyir. Bu sahəyə dair xüsusi hüquqi tənzimlənmənin olmaması isə torpaqların konsolidasiyasının ölkə miqyasında tam həyata keçirilməsinin qarşısını alır.
Bu boşluğu aradan qaldırmaq məqsədilə Torpaq Məcəlləsinə yeni 13-2-ci maddə əlavə edilir.
Həmin maddə torpaqların konsolidasiyasını kənd təsərrüfatı məqsədilə torpaq sahələrinin mülkiyyətçilərin razılığı və ekvivalent bazar dəyəri əsasında birləşdirilməsi, bölünməsi, sərhədlərinin yenidən müəyyən edilməsi, dəyişdirilməsi nəticəsində mülkiyyət hüquqlarının yenidən rəsmiləşdirilməsi, eləcə də ehtiyacdan asılı olaraq suvarma, meliorasiya, yol, enerji və digər mühəndis-kommunikasiya infrastrukturu üzrə dəyişikliklərin həyata keçirilməsi prosesi kimi müəyyən edir.
Konsolidasiya müvafiq icra hakimiyyəti orqanının yaratdığı komissiyanın qərarı əsasında hazırlanan layihə ilə həyata keçirilir.
Layihədə torpaq sahələrinin mövcud vəziyyətinin təhlili, yeni sərhəd və yerləşmə sxeminin mülkiyyətçilərlə razılaşdırılması, infrastruktur dəyişiklikləri əks etdirilir. Komissiyanın qərarı ilə təsdiq olunan bölgü sənədi daşınmaz əmlak hüquqlarının dövlət qeydiyyatı üçün əsas kimi çıxış edir. Bu mexanizm konsolidasiya prosesinin şəffaf, mübahisəsiz və hüquqi cəhətdən etibarlı şəkildə başa çatdırılmasını təmin edir.
Həmçinin, layihə torpaq parçalanmasının yeni formada davam etməsinin qarşısını almaq məqsədilə kənd təsərrüfatı torpaqlarının alqı-satqı və digər özgəninkiləşdirmə yolu ilə bölünməsinə yalnız nəticədə yaranan hər bir sahənin ölçüsü 5 hektardan az olmadığı hallarda yol verir. Bu məhdudiyyət kiçik, qeyri-səmərəli sahələrin yenidən yaranmasının qarşısını alır.
Mülki Məcəlləyə təklif edilən dəyişikliyə əsasən, torpaqların könüllü konsolidasiyasını stimullaşdırmaq məqsədilə Mülki Məcəlləyə yeni 648-1-ci maddə əlavə edilir:
kənd təsərrüfatı torpaq sahəsi satışa çıxarıldıqda həmin sahə ilə bilavasitə ümumi sərhədə malik torpaq sahəsi mülkiyyətçiləri həmin sahəni eyni şərtlərlə satın almaqda üstünlük hüququna malik olurlar. Bu norma qonşu torpaq sahiblərinin öz sahələrini genişləndirməsinə, beləliklə konsolidasiyaya təbii bazar mexanizmi vasitəsilə nail olunmasına şərait yaradır.
Bundan başqa, miras yolu ilə torpaq parçalanmasının qarşısını almaq üçün 1282-ci maddəyə dəyişiklik edilir: vərəsəlik zamanı kənd təsərrüfatı torpağının bölünməsinə yalnız hər bir hissənin 5 hektardan az olmaması şərti ilə yol verilir.
Bölgü mümkün olmadıqda torpaq təsərrüfatla birlikdə satıla, vərəsələr isə paylarını pul şəklində ala bilərlər. Bundan əlavə, konsolidasiyaya dair bölgü sənədi daşınmaz əmlak hüquqlarının dövlət qeydiyyatı üçün əsas olan sənədlər siyahısına daxil edilir.
“Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Qanuna dəyişiklik təklif edilir. Konsolidasiya prosesinin texniki tərəfini — torpaq sahələrinin yeni sərhədlərinin yerdə müəyyən edilməsini, kadastr məlumatlarının yenilənməsini və infrastruktur planlaşdırmasını — tənzimləmək üçün yerquruluşu xidmətinin funksiyaları genişləndirilir.
Kadastr məlumatları ilə yerdəki faktiki vəziyyət arasındakı uyğunsuzluqların aradan qaldırılması, konsolidasiya ərazilərində yeni infrastruktur obyektlərinin planlaşdırılması bu xidmətin səlahiyyətlərinə daxil edilir. Konsolidasiya ilə bağlı kompleks yerquruluşu işlərinin komissiyanın qərarı əsasında həyata keçirilməsi, yeni formalaşmış sahələrin mülkiyyətçilər arasında bölüşdürülməsi proseduru da müəyyən edilir.
Konsolidasiya məqsədilə həyata keçirilən torpaq əqdlərinin xüsusi hüquqi rejimə ehtiyacı olduğundan həmin əqdlər torpaq bazarının tənzimləmə çərçivəsinə daxil edilir. Bu dəyişiklik konsolidasiya prosesinin torpaq dövriyyəsi qaydaları ilə ziddiyyət yaratmadan həyata keçirilməsini, əqdlərin hüquqi müəyyənliyini və şəffaflığını təmin edir. Bunun üçün “Torpaq bazarı haqqında” Qanuna dəyişiklik edilməsi layihədə yer alıb.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna təklif edilən dəyişikliklə konsolidasiyaya dair bölgü sənədi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər siyahısına əlavə edilir. Bu, konsolidasiya nəticəsində yaranan yeni torpaq sahələri üzərindəki hüquqların operativ və maneəsiz qeydiyyata alınmasını təmin edir.
Təqdim olunan qanun layihəsi torpaqların konsolidasiyasının həyata keçirilməsi üçün vahid hüquqi əsas formalaşdırır. Layihənin hazırlanmasında geniş miqyasda torpaq konsolidasiyası təcrübəsinə malik ölkələrin, o cümlədən Türkiyənin, habelə digər ölkələrin hüquqi aktları və prinsipləri təhlil edilərək yerli şəraitə uyğunlaşdırılmışdır.
Qanun layihəsinin qəbulu kənd təsərrüfatında məhsuldarlığın artırılması, torpaq resurslarından səmərəli istifadənin təmin edilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və kənd yerlərinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.
Qanun layihəsi torpaq ehtiyatlarından səmərəli və dayanıqlı istifadənin təmin edilməsi, torpaqların konsolidasiyası üçün hüquqi zəminin formalaşdırılması məqsədilə hazırlanıb.
Günay Şahmar, Bizim.Media




































































































