Azərbaycanda yumurtanın qiyməti 1 qəpiyə düşdü: Səbəb nədir?

Hazırda oxunan: Azərbaycanda yumurtanın qiyməti 1 qəpiyə düşdü: Səbəb nədir?

620341

Azərbaycanda son günlər yumurtanın qiymətində müşahidə olunan kəskin ucuzlaşma istehlakçıların diqqətini çəkib. Bəzi marketlərdə bir ədəd yumurtanın qiyməti 1-4 qəpiyə qədər enib.

Bizim.Media xəbər verir ki, Quş Əti və Yumurta İstehsalçıları Assosiasiyasının sədri Mürvət Həsənli “qaynarinfo.az”a açıqlamasında bildirib ki, qiymətlərin aşağı düşməsi bazarda yaranan yumurta bolluğu ilə bağlıdır.

Onun sözlərinə görə, hazırda həm sənaye, həm də kənd yumurtası istehsalında artım müşahidə olunur:

"Qış aylarında ölkədə gündəlik 5 milyondan bir qədər çox yumurta istehsal edilirdisə, hazırda bu göstərici 6 milyonu keçib. Bazarda ciddi rəqabət yaranıb. Təklif artdıqca istehsalçılar məhsullarını satmağa çalışır və nəticədə qiymətlər aşağı düşür".

Mürvət Həsənli qeyd edib ki, yumurtanın maya dəyəri fabrikdən-fabrikə dəyişərək təxminən 10-12 qəpik arasında formalaşır.

Sədrin sözlərinə görə, mövcud vəziyyətin uzun müddət davam etməsi gözlənilmir:

"Yaxın bir həftə ərzində bazarda müəyyən tarazlıq yaranacaq. Çünki artıq bütün fabriklər ixraca başlayıb. Hazırda ixrac olunan yumurtanın satış qiyməti 14-16 qəpik arasında dəyişir".

Mürvət Həsənli hesab edir ki, ixrac həcmi artdıqca daxili bazarda da qiymətlər əvvəlki səviyyəsinə yaxınlaşacaq:

"Yay aylarında yumurtanın qiyməti əsasən maya dəyəri ətrafında olacaq. Qış mövsümündə isə əhalinin istirahətdən qayıtması və istehlakın artması qiymətlərə təsir göstərəcək. Hazırda yumurtaya tələbat azalıb. Şəhər sakinlərinin bir hissəsi istirahətə yollandığından gündəlik satış həcmi də aşağı düşüb. Əvvəllər bazarda gündəlik təxminən 5 milyon yumurta satılırdısa, indi bu rəqəm 4 milyonun bir qədər üzərindədir".

Qeyd edək ki, son günlərədək pərakəndə satış şəbəkələrində bir ədəd yumurta 9-17 qəpik arasında təklif olunurdu.

Hazırda isə bəzi marketlərdə qiymətlər 3-4 qəpiyə qədər enib, hətta ayrı-ayrı satış nöqtələrində yumurta 1 qəpiyə təklif olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin