Xəbər verdiyimiz kimi, Zaqatalada 58 yaşlı kişi həmkəndlisini amansızcasına qətlə yetirib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə səhər saatlarında rayonun Qımır kəndində baş verib.
Belə ki, 58 yaşlı Qımır kənd sakini Kamran Məhərrəmov kəndin ərazisindəki qarışıq mallar mağazasına alış-veriş etmək üçün daxil olub. Kamran Məhərrəmovun arxasınca mağazaya daxil olan həmkəndlisi - 58 yaşlı Ələsgər Əhmədov üzərində olan bıçaqla Kamran Məhərrəmovu arxadan boyun nahiyəsinə bir neçə bıçaq zərbəsi endirərək qətlə yetirib.
Kamran Məhərəmovun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.
Zaqatala rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli sayılan Ələsgər Əhmədov tutularaq istintaqa təhvil verilib.
Məlumata görə, hadisə namus üstündə olub.
Kamran Məhərrəmovla Ələsgər Əhmədov arasında artıq bir ildən çoxdur ki, şəxsi münasibətlər zəmnində tez-tez mübahisələr yaşanıb.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-qərb bürosu




























































































