Sağlam qidalanmaq çoxlarına görə iradə məsələsi kimi görünsə də, alimlər hesab edirlər ki, düzgün qida seçimi etmək üçün təkcə özümüzlə mübarizə aparmağa ehtiyac yoxdur.
Bizim.Media “BBC”yə istinadla xəbər verir ki, Oxford Universitetinin qida psixologiyası üzrə mütəxəssisi Charles Spence'in sözlərinə görə, insanların qida seçimləri aclıq hissindən daha çox ətraf mühit amillərindən təsirlənir.
“Hamımız düşünürük ki, dadı ağızda hiss edirik. Halbuki qidanın dadının formalaşmasında bütün hiss orqanları iştirak edir”, – deyə alim qeyd edir.
Mütəxəssislər sağlam qidalanmağı asanlaşdırmaq üçün bir neçə sadə üsul təklif edirlər. İlk növbədə, faydalı qidaların göz önündə saxlanılması tövsiyə olunur. Meyvə və tərəvəzlər görünən yerdə olduqda insanlar onlara daha çox üstünlük verirlər. Əksinə, şirniyyat və digər yüksək kalorili məhsullar gizli saxlanıldıqda onların istehlakı azalır.
Araşdırmalar göstərir ki, boşqabın ölçüsü də qida qəbuluna təsir edir. Kiçik boşqablardan istifadə edən insanlar daha az yeməklə doyduqlarını hiss edirlər. Bununla yanaşı, yeməyin estetik və rəngarəng təqdim olunması sağlam qidaları daha cəlbedici edir.
Alimlər yemək zamanı səslənən musiqinin də əhəmiyyətli rol oynadığını bildirirlər.
Sakit və yavaş musiqi fonunda insanlar daha asta yemək yeyir, bu isə daha tez doyma hissinin yaranmasına kömək edir.
Digər tövsiyə yeməklərə daha çox tərəvəz əlavə etməkdir. Bu zaman yeməyin həcmi artır, lakin qəbul edilən kalori miqdarı nisbətən aşağı qalır. Mütəxəssislər hesab edirlər ki, sağlam qidalanmanın ən effektiv yollarından biri də qida mühitini dəyişməkdir. Yəni seçimləri yalnız iradənin öhdəsinə buraxmaq əvəzinə, evdə və iş yerində sağlam qidalara əlçatanlığı artırmaq lazımdır.
Alimlər bildirirlər ki, sağlam qidalanmaq üçün bəzən böyük dəyişikliklərə deyil, gündəlik vərdişlərdə edilən kiçik düzəlişlərə ehtiyac var.
Bizim.Media
































































































