Alimlər sübut etdilər: İnsan beyni 90 yaşına qədər inkişaf edə bilər

Hazırda oxunan: Alimlər sübut etdilər: İnsan beyni 90 yaşına qədər inkişaf edə bilər

619218

İnsan beyninin yaşlandıqca qaçılmaz olaraq zəiflədiyi barədə formalaşmış köhnə stereotiplər elmi araşdırmalarla alt-üst edilir. Yeni elmi tədqiqatlar sübut edir ki, beynin inkişafı və funksiyalarının yaxşılaşdırılması istənilən yaşda mümkündür.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, aparılan genişmiqyaslı araşdırmanın nəticələri barədə klinik tədqiqatların rəhbəri Lori Kuk məlumat verib.

Yaş deyil, imkanlar təyin edir

Lori Kuk qeyd edib ki, insan beyni yaşa görə deyil, ona verilən stimullar və imkanlar sayəsində formalaşır:

"Hər bir insan beyni barmaq izi kimi unikal və bənzərsizdir, eyni zamanda davamlı inkişaf potensialına malikdir. Bu tədqiqat zəkanın yaşla əlaqədar mütləq şəkildə pisləşəcəyi barədə fikirləri təkzib edir və göstərir ki, beynin sağlamlığını ömrün istənilən mərhələsində gücləndirmək mümkündür".
 

Klinik sınaqlar zamanı iştirakçılar hər gün cəmi 5-15 dəqiqə fərqli intellektual və koqnitiv tapşırıqlar (məşqlər) yerinə yetiriblər. Tədqiqatın nəticəsində məlum olub ki, hətta 80 yaşından yuxarı olan insanlarda belə beyin funksiyalarında, yaddaş və diqqət konsentrasiyasında ciddi müsbət dinamika qeydə alınıb.


"Problem yaranmasını gözləməməliyik"

Ekspert bəşəriyyətin uzun illərdir beyin sağlamlığına yanlış yanaşdığını vurğulayıb:

"Təəssüf ki, biz çox uzun müddət köhnəlmiş bir təfəkkürlə hərəkət etmişik — elə düşünmüşük ki, beynimiz üçün nəsə etməzdən əvvəl mütləq orada hansısa problemin və ya xəstəliyin yaranmasını gözləməliyik. Bu araşdırma bizə növbəti dəfə xatırladır ki, beynimizin vəziyyətini yaşımız deyil, ona yaratdığımız inkişaf imkanları təyin edir".

Mütəxəssislər yaşlı nəslin nümayəndələrinə hər gün mütaliə etməyi, yeni dillər öyrənməyi, məntiqi oyunlar və qısa koqnitiv məşqlərlə məşğul olmağı tövsiyə edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin