Göygöldə aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirildi - FOTO

Hazırda oxunan: Göygöldə aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirildi - FOTO

618955

İyunun 12-də Gəncə-Daşkəsən iqtisadi rayonunda Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı regional müşavirə keçirilib.

Bizim.Media xəbər verir ki, tədbir Prezident İlham Əliyevin sədrliyi ilə 2026-cı il 25 may tarixində kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası və Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin regionlar üzrə əlaqələndirilmiş, çevik və səmərəli həyata keçirilməsinin təmin olunması məqsədilə təşkil edilib.

Göygöldə keçirilən tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbərləri və səlahiyyətli nümayəndələr, habelə Daşkəsən, Goranboy, Göygöl və Samux rayonlarından olan fermer və sahibkarlar iştirak ediblər.
 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verdiyi tapşırıqlar, həmçinin Daşkəsən, Goranboy, Göygöl və Samux rayonlarının aqrar inkişaf perspektivləri barədə məlumat verib.


O vurğulayıb ki, Dövlət Proqramı aqrar sektorda məhsuldarlığın, gəlirliliyin və rəqabət qabiliyyətinin artırılmasını, emal imkanlarının və ixrac potensialının genişləndirilməsini, su və torpaq ehtiyatlarından daha səmərəli istifadəni, müasir suvarma texnologiyalarının tətbiqini, toxumçuluq və damazlıq bazasının gücləndirilməsini, eləcə də kənd təsərrüfatında intensiv və yüksək əlavə dəyər yaradan inkişaf modelinə keçidin sürətləndirilməsini nəzərdə tutur.

Qeyd edilib ki, cənab Prezidentin tapşırıqlarına uyğun olaraq ölkənin bütün iqtisadi rayonlarında keçirilən regional müşavirələrin əsas məqsədi Dövlət Proqramında nəzərdə tutulan hədəf və vəzifələri yerlərdə izah etmək, mövcud vəziyyəti qiymətləndirmək, fermer və sahibkarların rəy və təkliflərini dinləmək, eləcə də proqramın icrası ilə bağlı fəaliyyətlərin daha səmərəli əlaqələndirilməsini təmin etməkdir.

Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev Dövlət Proqramı çərçivəsində Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə nəzərdə tutulan prioritet istiqamətlər barədə təqdimatla çıxış edib. O bildirib ki, Dövlət Proqramı aqrar sahədə məhsuldarlığın, əlavə dəyərin və ixracyönümlülüyün artırılmasını, müasir və rəqabətqabiliyyətli istehsal modelinə keçidin sürətləndirilməsini hədəfləyir.
 

Qeyd edilib ki, proqram çərçivəsində buğda istehsalında məhsuldarlığın yüksəldilməsi, müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi, kənd təsərrüfatı texnikası parkının yenilənməsi, lazer hamarlama texnologiyalarının tətbiqi, saxlama və logistika infrastrukturunun gücləndirilməsi, eləcə də intensiv bağçılıq və heyvandarlığın inkişafı üzrə kompleks tədbirlər nəzərdə tutulub. Təqdimatda fermerlər və sahibkarlar üçün nəzərdə tutulan dövlət dəstəyi mexanizmləri, o cümlədən subsidiya və güzəştli maliyyələşdirmə alətlərinin təkmilləşdirilməsi, soyuducu anbar və taxıl silolarının yaradılmasına dəstək, damazlıq və yem bazasının gücləndirilməsi istiqamətində görüləcək işlər barədə ətraflı məlumat verilib.


Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin birinci müavini Xəyyam Məmmədov çıxışında Gəncə-Daşkəsən iqtisadi rayonunun kənd təsərrüfatı potensialının reallaşdırılmasında su təminatının həlledici rolundan danışıb. O, region üzrə mövcud suvarma infrastrukturu, meliorasiya vəziyyəti və kənd təsərrüfatı istehsalçılarının su təminatı istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.

O, kənd təsərrüfatının, eləcə də akvakultura və balıqçılıq kimi prioritet sahələrin inkişafının dayanıqlı və etibarlı su təminatı olmadan mümkünsüzlüyünü vurğulayıb və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Dövlət Proqramının icrası çərçivəsində fermerlərin su təminatının yaxşılaşdırılması istiqamətində fəaliyyətini davam etdirəcəyini diqqətə çatdırıb.

Daha sonra Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov  rayonda kənd təsərrüfatı sahəsində görülən işlər və mövcud inkişaf potensialı barədə məlumat verib. Qeyd olunub ki, son illər dövlət dəstəyi tədbirləri nəticəsində rayonda kənd təsərrüfatı istehsalının həcmi artmış, intensiv və superintensiv bağçılığın genişləndirilməsi, müasir suvarma sistemlərinin tətbiqi, əkin dövriyyəsinin səmərəliliyinin artırılması və fermerlərin dövlət dəstəyi mexanizmlərindən istifadəsinin genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. O bildirib ki, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası kənd təsərrüfatı istehsalının artırılmasına, fermerlərin rifahının yüksəldilməsinə və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə mühüm töhfə verəcəkdir.
 

Daha sonra çıxış edən Goranboy rayonunda fəaliyyət göstərən “Region Aqro” MMC-nin icraçı direktoru Xatirə Məmmədova və Samux rayonunda fəaliyyət göstərən “Milagro Ganaderia” MMC-nin rəhbəri Fərid Mustafayev Azərbaycan Respublikası Prezidentinin kənd təsərrüfatı sahəsində göstərdiyi diqqət və dövlət dəstəyinə görə təşəkkürlərini bildirərək Dövlət Proqramının kənd təsərrüfatı istehsalçılarının fəaliyyətinin genişləndirilməsi, investisiya imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıdığını bildiriblər. Onlar qeyd ediblər ki, proqram çərçivəsində yaradılan yeni imkanlar aqrar sektorun rəqabət qabiliyyətinin yüksəldilməsinə və fermer təsərrüfatlarının daha dayanıqlı inkişafına töhfə verəcək.


Müşavirənin yekununda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Dövlət Proqramının yerlərdə səmərəli icrasının təmin olunması məqsədilə yerli icra hakimiyyəti orqanları, aidiyyəti dövlət qurumları, fermerlər, sahibkarlar və investorlar arasında koordinasiyalı fəaliyyətin həlledici əhəmiyyət daşıdığını vurğulayıb.

Həmçinin Dövlət Proqramının fermerlər və sahibkarlar arasında geniş təbliğinin təşkili, ölkəyə idxal olunan məhsulların yerli istehsalının artırılması istiqamətində özəl sektorun fəal iştirakının təmin edilməsi və aqrar dəyər zəncirinin bütün həlqələri üzrə əməkdaşlığın gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.




















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin