“Aqrar sahədə kifayət qədər inkişaf müşahidə olunur. Lakin burada ən mühüm məsələlərdən biri, bəlkə də ən vacibi kadr çatışmazlığıdır. Bu çatışmazlığın müəyyən hissəsi Aqrar Universitet tərəfindən qarşılanır, amma hesab edirəm ki, bu proses regionları da əhatə etməlidir”.
Bizim.Media xəbər verir ki, bunu deputat Əlibala Məhərrəmzadə Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr barədə dinləmədə deyib.
Milli Məclisin üzvü bildirib ki, ənənəvi olaraq aqrar sahə gənclər tərəfindən ilk seçim kimi qəbul edilmir:
"Əksər hallarda əvvəlcə hüquq, iqtisadiyyat və digər sahələrə müraciət olunur, yalnız sonrakı mərhələdə aqrar ixtisaslara üstünlük verilir. Bu məsələnin bir tərəfidir. Digər tərəfdən isə müşahidə olunur ki, Aqrar Universitetə daha çox Gəncəyə yaxın bölgələrdən müraciətlər olur. Hesab edirəm ki, məsələn, Quba və ətraf regionlarda Aqrar Universitet və ya Aqrar Universitetin böyük bir filialının yaradılması çox ciddi nəticələr verə bilər.
Xüsusilə nəzərə alsaq ki, Çayçılıq Elmi-Tədqiqat İnstitutu və Meyvəçilik Elmi-Tədqiqat İnstitutu kimi mühüm elmi müəssisələr də məhz Qubada yerləşir və orada kifayət qədər peşəkar mütəxəssislər fəaliyyət göstərirlər".
Deputat qeyd edib ki, digər mühüm məsələ isə müasir texnologiyaların tətbiqidir:
"Bu gün aqrar inkişaf yalnız klassik kənd təsərrüfatı yanaşması ilə deyil, texnologiyalar üzərində qurulur. Prioritet istiqamətlər sırasında aqrar sahədə IT həlləri, rəqəmsal idarəetmə, ağıllı meliorasiya sistemləri, heyvandarlıqda rəqəmsal nəzarət və digər innovativ texnologiyalar xüsusi yer tutur. Lakin müşahidə edirik ki, bu sahədə inteqrasiya hələ də kifayət qədər zəifdir.
Mən özüm Quba rayonunda müşahidə etmişəm ki, aqrar sahədə çalışan IT mütəxəssislərinin əksəriyyəti xaricdən dəvət olunan şəxslərdir. Onlar kifayət qədər yüksək, bildiyimə görə, aylıq 30-40 min manat əməkhaqqı alırlar və bir çox iri aqrar təsərrüfatların idarə edilməsində iştirak edirlər. Onların sayı kifayət qədər çoxdur.
Aqrar sahəyə münasibətdə mövcud stereotiplər dəyişməlidir. İnsanlara izah olunmalıdır ki, aqrar sahədə çalışan mütəxəssislər bu gün bir çox digər peşə sahələrindən daha yüksək gəlir əldə edə və daha böyük inkişaf imkanlarına sahib ola bilərlər. Bu səbəbdən aqrar təhsil və aqrar peşələrin cəmiyyət daxilində nüfuzunun artırılması üçün xüsusi təbliğat mexanizmləri formalaşdırılmalıdır. Hesab edirəm ki, bu istiqamətdə dövlət qurumları, universitetlər və ictimai institutlar birlikdə fəaliyyət göstərməlidirlər".
O qeyd edib ki, digər mühüm məsələlərdən biri də xaricdən gələn aqrar mütəxəssislərlə bağlı miqrasiya prosedurlarının sadələşdirilməsidir.
"Bu gün dünyada ərzaq təhlükəsizliyi ən mühüm prioritet istiqamətlərdən biridir. Son on illikdə ərzaq məhsullarının qiymətlərində ciddi artımlar müşahidə olunub və bu tendensiya davam edir" - deputat bildirib.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:59 / 11.06.2026
Əlibala Məhərrəmzadə: “Aqrar sahədə çalışan İT mütəxəssislərinin əksəriyyəti xaricdən dəvət olunur”
Hazırda oxunan: Əlibala Məhərrəmzadə: “Aqrar sahədə çalışan İT mütəxəssislərinin əksəriyyəti xaricdən dəvət olunur”
Hazırda oxunan: Əlibala Məhərrəmzadə: “Aqrar sahədə çalışan İT mütəxəssislərinin əksəriyyəti xaricdən dəvət olunur”
618719
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































