Hansı yaşda insan özünü bədbəxt hiss etməyə başlayır? – SƏBƏBLƏR

Hazırda oxunan: Hansı yaşda insan özünü bədbəxt hiss etməyə başlayır? – SƏBƏBLƏR

618474

İnsan həyatı keşməkeşli yollar kimi enişli-yoxuşludur. Yaşadığı həyata, seçdiyi yola, düşdüyü mühitə görə gah zirvədə, gah quyuda özünü hiss edir. Amma alimlər iddia edir ki, insan necə yaşayırsa yaşasın, konkret bir yaş var ki, məhz həmin ildə insan özünü daha bədbəxt sanır.

Tədqiqatçılar insan həyatında ziqzaqları müşahidə edib və “xoşbəxtlik diaqram”ı adı verdikləri maraqlı bir qanunauyğunluq tapıblar.
 

Bu nəzəriyyəyə görə, gənclikdə insanlar özlərini kifayət qədər xoşbəxt hiss edirlər, sonra onların rifahı tədricən azalır, orta yaşda ən aşağı səviyyəyə çatır və sonra yenidən yüksəlməyə başlayır. Xüsusilə maraqlı olan məqam, bir çox insan üçün ən çətin dövrün 47 yaş civarında olmasıdır.


Bu nəticəyə 130-dan çox ölkədə yüz minlərlə respondentin məlumatlarını araşdırdıqdan sonra gəliblər. Təhlillər göstərib ki, gəlir səviyyəsindən, ailə vəziyyətindən, peşəsindən və ya təhsilindən asılı olmayaraq, bir çox insan üçün həyatdan məmnunluq 47-49 yaş arasında ən aşağı nöqtəyə çatır.

Niyə orta yaş ən çətin hesab olunur?

Göstərilən əsas səbəblərdən biri öz nailiyyətlərinin həddindən artıq qiymətləndirilməsi və özünütənqiddir. 40 və ya 50 yaşa çatanda bir çoxları karyeralarını, maliyyə vəziyyətlərini, ailə münasibətlərini və həyat məqsədlərini təhlil etməyə başlayırlar. Kimdə çatışmazlıq varsa, anlayır ki, geri dönüş yoxdur.
 

Bəziləri uşaq dünyaya gətirməkdə, digərləri karyerada, bir başqası isə ailə qurmaqda gecikib və bunu bərpa etmək üçün yaş da o yaş deyil. Bir tərəfdən orta yaş sindromu, digər tərəfdən 50 yaşın altında əldən gedən gənclik xiffəti, digər tərəfdən də uğursuzluq onu bədbinləşdirir, ən optimist, çalışqan insanı da depressiyaya salır.


Bundan başqa, həyatını yoluna qoymuş iş-güc, ailə-övlad sahibi olanlarda da yüksək məsuliyyətlər əlavə təzyiq yaradır. Bu dövrdə insanlar bir-birinin ardınca böyüyən uşaqlarının ailə qurmasına, karyerasının müəyyənləşməsinə nəzarət etməli olurlar. Digər tərəfdən isə özlərinin yaşlı valideynlərinə qulluq edirlər, onların həyatının ahıl çağında övladlıq borclarından çıxmağa çalışırlar. 

Fiziki dəyişiklərin də təsiri diaqramın enməsinə təsirsiz ötüşmür. 45 yaşdan sonra bədən elastikliyini itirir, kosmetik prosedurlar olmasa dəri yaşlanır, üz sallanır, bir sözlə yaşla bağlı dəyişikliklər özünü bariz göstərir.
 

Eyni zamanda enerjinin azalması və ya sağlamlıq problemlərinin ortaya çıxması anhedoniya yaradır – əvvəllər xoşladığı fəaliyyətlərdən, hobbilərdən, sosial münasibətlərdən və ya ümumiyyətlə həyatdan həzz almaqda çətinlik çəkir. Nəticədə xroniki stress, yuxu pozğunluqları, narahatlıq və sosial təcrid hissləri başlayır ki, bu da insanın özünü çox bədbəxt hiss etməsinə səbəb olur.


Amma sevindirici məqam da var: xoşbəxtlik diaqramı 50 yaşdan sonra yenidən tədricən yüksəlməyə başlayır. Bunun səbəbi isə xalq dili ilə desək, hər şeyi yerbəyer etdikdən sonra rahatlamadır.

Həyatda uğursuzluqlara düçar olmuş insanlar isə artıq 50 yaşlarda ötüb-keçənləri boş verməyə başlayırlar, yəni qəbullanırlar. Bundan sonra insan özünü daha sakit və inamlı hiss etməyə başlayır. Özlərini ideallaşdırılmış uğur obrazları ilə daha az müqayisə edir və sahib olduqlarını daha çox qiymətləndirirlər.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin