Hər il iyunun ikinci çərşənbə axşamı dünyada “Ride to Work Day” (Motosikletlə İşə Getmə Günü) qeyd olunur. 2026-cı ildə bu əlamətdar gün 9 iyuna düşür. Bəzi ölkələr bu günü həm də “Baykerlər günü” kimi qeyd edirlər. Bu əlamətdar gün münasibətilə “asi sürücülər”i təbrik etmək olardı, amma onlar bunu özəl gün olaraq qəbul etmir. Öz dilləri ilə desək “motosikletlə işə getməklə, motosikleti həyatın bir parçası kimi yaşamaq” eyni şey deyil.
Tarixə baxsaq, baykerlik əsasən İkinci Dünya müharibəsindən sonra formalaşdı. Bu dövrdə çoxlu yeni klublar yarandı və bayker subkulturası geniş yayıldı. 1950-ci illərdə motosikletçilər haqqında filmlər onların "üsyankar" obrazını yaratdı. Dəri gödəkçə, jilet, klub nişanları və uzun səfərlər baykerliyin simvollarına çevrildi. Əslində isə baykerliyin əsas fəlsəfəsi üç anlayış ətrafında formalaşıb: azadlıq, birlik, yol mədəniyyəti.
Maraqlıdır, motosikletlərə günü-gündən həvəs artdığı bir vaxtda niyə dünyada və Azərbaycanda konkret bir rəmzi gün təsis olunmur?
Peşəkar bayker İntiqam İbrahimov deyir ki, baykerlər üçün motosiklet mövsümünün açılışı və bağlanışı xüsusi əhəmiyyət daşıyır. Hər il yaz aylarında mövsümün açılışı münasibətilə yürüşlər və görüşlər keçirilir. Baykerlər üçün bu tədbirlər elə müəyyən mənada bayram deməkdir.
Azərbaycanda baykerliyin yaranma tarixinə gəlincə isə həmsöhbətim diqqətə çatdırdı ki, baykerlik mədəniyyətinin yaradılması 1999-cu ilə təsadüf edir.
“İlk illərdə motosiklet həvəskarları kiçik qruplar şəklində fəaliyyət göstərirdilər. Sonradan müxtəlif motoklublar yarandı, xarici ölkələrin baykerləri ilə əlaqələr quruldu və daha geniş yayılmağa başladı. Hazırda Azərbaycanda kifayət qədər motoklublar var. Onların arasında uzun illərdir fəaliyyət göstərənlər də var, həvəskar klublar da.
Bəzi klublar müəyyən marka sahiblərini, digərləri isə ümumi motosiklet həvəskarlarını birləşdirir. Hər klubun öz qaydaları və ənənələri olsa da, motosiklet sevgisi onları birləşdirən əsas amildir. Baykerlər ən çox motosiklet mövsümünün açılışı və bağlanışı zamanı, müxtəlif motofestivallarda bir araya gəlirlər”.
Xatırladaq ki, gənclər arasında hələ SSRİ dövründə 1970-1980-ci illərdə də motosikletlərə xüsusi rəğbət vardı. SSRİ istehsalı olan Java, Ural, Dnepr motosikletləri populyar idi, xüsusilə Java sahibi olmaq prestij sayılırdı.
Şəfiqə Şəfa, Bizim.Media




































































































