Lənkəran rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə gecə saatlarında köhnə Ələt-Astara magistralının Liman şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, Lənkəran rayonunun Zövlə kənd sakini, 1962-ci il təvəllüdlü Elşad Kişi oğlu Salayevin idarə etdiyi "VAZ-2106" markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı kanala düşüb və ağaca çırpılıb. Qəza nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Məlumata görə, sürücünün qəzadan əvvəl ürəktutması keçirdiyi ehtimal olunur və yol-nəqliyyat hadisəsinin bu səbəbdən baş verdiyi bildirilir. Ölümün dəqiq səbəbi isə tibbi ekspertizanın rəyindən sonra müəyyənləşəcək.
Qeyd edək ki, Elşad Salayev Lənkəran rayonunda tanınmış avtomobil ustalarından biri olub.
Faktla bağlı araşdırma aparılır.



Sabutay, Bizim.Media, Cənub bürosu




































































































