İyunun 5-də Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Qusar Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Nəriman Nərimanov adına Mədəniyyət və İstirahət Parkında "Oxu bayramı" keçirilib. "Şəhərsalma və Memarlıq İli" çərçivəsində təşkil olunan tədbir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr edilib.
Bizim.Media xəbər verir ki, tədbirdən əvvəl rəsmi qonaqlar – Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova, YAP rayon təşkilatının sədri David İbramxəlilov və digər rəsmilər parkda təşkil olunmuş kitab, rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Qusar Rayon Mərkəzi Kitabxanasının müdiri Gültəkin Pənahova, icra başçısı Sahir Məmmədxanov və digər natiqlər çıxış edərək gənc nəslin kitab oxumağa marağının artırılmasının, milli-mənəvi dəyərlərin qorunmasının önəmini vurğulayıblar.
İcra başçısı Heydər Əliyevin elmin və maarifin inkişafına hər zaman böyük önəm verdiyini xatırladıb, həmçinin rayonda müasir onlayn kitabxana sisteminin yaradılmasının zəruriliyini qeyd edib.
Tədbir çərçivəsində İTV-də yayımlanan “Əlaçı” intellektual yarışmasının qalibləri Tural Sultanov və Samirə İsabalayevaya, eləcə də “Sərhəd” hərbi-idman oyunlarında qalib gələn Yuxarı Zeyxur kənd tam orta məktəbinin “Zeyxur” komandasının üzvlərinə və hərbi rəhbərinə icra başçısı tərəfindən qiymətli hədiyyələr təqdim olunub.
Sonda məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər, musiqi və rəqs kompozisiyalarından ibarət rəngarəng bədii proqram nümayiş etdirilib.














Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu



































































































