Bir vaxtlar yalnız ünsiyyət vasitəsi kimi istifadə olunan telefonlar, bu gün müxtəlif platformalar sayəsində xəbər mənbəyi, əyləncə mərkəzi, hətta gəlir rolunu oynayır. Lakin bütün bunlar insanı real həyatdan uzaqlaşdırmaqla yanaşı, vaxtını da alır.
Beynəlxalq araşdırmalara görə, dünya üzrə internet istifadəçiləri gündə ən az 3-4 saat vaxtlarını sosial şəbəkələrdə keçirirlər.
Bəs görəsən tanınmışlar sosial şəbəkələrdə nə qədər vaxt sərf edirlər?
Əslində istər mədəniyyət, istərsə də ədəbiyyat sahəsinin öndə olan insanları üçün sosial şəbəkələr paylaşma və tanıtma baxımından çox vacibdir. Düzdür, məşhurların əksəriyyəti sosial hesablarını peşəkar SMM komandalarına həvalə edir. Amma Facebook və TikTok platformalarında kifayət qədər reels edən, canlı açan, qısa videolar paylaşan tanınmış şəxsləri görmək mümkündür.
Bizim.Media bir neçə tanınmış şəxsdən sosial şəbəkələrə ayırdığı vaxtla maraqlanıb:
Əməkdar artist, “Bakılı oğlanlar” komandasının tanınmış üzvü Bəhram Bağırzadə sosial şəbəkəni işinin bir hissəsi hesab edir.
Ona görə də vaxtının böyük hissəsini virtual dünyada keçirdiyini etiraf edir:
“Sosial şəbəkədə nə qədər vaxt keçirirsiniz yox, soruşun hələ adi həyata vaxt qalırmı? Demək olar ki, günün çox hissəsi sosial şəbəkələrdə keçir. Çünki bu mənim işimdir! Yəni psixoloji və maddi olaraq mənə faydalıdır. Mənə lazım olan mövzulara baxıram və bundan nəsə öyrənirəm, faydalanıram, götürürəm, istifadə edirəm və s.”
Bəstəkar Gövhər Həsənzadə isə sosial şəbəkələrdən aktiv istifadə etmədiyini deyir. “Mən sosial şəbəkələrə hər gün daxil olmuram. İnformasiya və mənə lazım olan materialların istifadəsi üçün göz gəzdirirəm. Bunun üçün də həftədə maksimum 2 saat vaxtım gedir”, - deyə vurğuladı.
Əməkdar artist, Azərbaycanın “Spartak”ı Füzuli Hüseynov vaxtının ümumiyyətlə heç nəyə çatmadığından gileyləndi:
“Hansı vaxt? Vaxt var ki? Onsuz da az olan vaxtı bir də sosial şəbəkələrə sərf etmirəm. Çox az istifadə edirəm, kimsə yazanda cavab verirəm, nəsə material, video göndərəndə girib baxıram, vəssalam”.
Tanınmış şair Aqşin Yenisey isə bildirdi ki, sosial şəbəkələrdə izlədiyi bir neçə şəxs və səhifə var.
Tanınmış imzaları olan, yazdığı fikirlər maraq doğuran, öyrənə biləcəyi şəxsləri vaxtı olduqca izləyir:
“Günümüzün, çağımızın şərtidir. Cəmiyyətdə, dünyada baş verən hadisələri sosial şəbəkələrdən izləyirik. Yəni bu qaçılmaz bir şeydir. Amma səhərdən-axşama kimi telefon əlimdə oturub gözləyirəm ki, hansısa bir eybəcər hadisə və ya şəkil paylaşılsın, mən də mütləq girim baxım, yox. Mənim üçün sosial şəbəkə müasir dövrün kitabxanası kimi bir şeydir”.
Şəfiqə Şəfa, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:00 / 06.06.2026
Tanınmışlar SOSİAL ŞƏBƏKƏLƏRDƏ – Nə qədər vaxt KEÇİRİRLƏR? – SORĞU
Hazırda oxunan: Tanınmışlar SOSİAL ŞƏBƏKƏLƏRDƏ – Nə qədər vaxt KEÇİRİRLƏR? – SORĞU
Hazırda oxunan: Tanınmışlar SOSİAL ŞƏBƏKƏLƏRDƏ – Nə qədər vaxt KEÇİRİRLƏR? – SORĞU
617413
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































