“Yağış fəsadlarının aradan qaldırılması üçün Prezident sərəncamı ilə 86 milyon manata qədər vəsait ayrılıb. Bu vəsait həmin problemlərin həlli və bir də təkrar olunmaması üçün çox vacibdir. Sərəncam aprel ayında imzalanıb və may ayında da intensiv yağışlar fəsadların əhatəsini genişləndirib. Şəki-Zaqatala zonasında, Şəkidə, Qaxda xeyli dərəcədə fəsadlar törədib. Bir neçə kənddə körpüləri sel suları aparıb, kənd təssərrüfatına ciddi ziyan dəyib”.
Bizim.Media xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin bugünkü növbədənkənar sessiyasının ilk iclasında çıxışı zamanı deyib.
“Bu istiqamətdə Aqrar Sığorta Fondu müsbət işlər görür, amma dəyən ziyanın həcmi ilə Aqrar Sığorta Fondunun maliyyə imkanlarını ölçəndə əlavə dəstəyə ehtiyacın olduğu bəlli olur.
Sığorta sistemini elə qurmaq lazımdır ki, hər dəfə fəsadlar olanda dövlətə ziyan dəyməsin. Ona görə də Aqrar Sığorta Fondunun vəsaitindən başqa, əlavə vəsaitin də ayrılmasını vacib hesab edirəm” – deputat qeyd edib.
Günay Şahmar, Bizim.Media


































































































