“Şəkərsiz” adı ilə satılan qidalarla bağlı XƏBƏRDARLIQ

Hazırda oxunan: “Şəkərsiz” adı ilə satılan qidalarla bağlı XƏBƏRDARLIQ

617244

“Şəkərsiz”, “Zero”, “Dietik” yazılan məhsullar market rəflərində sürətlə artıb. Bir çox insan, xüsusilə, arıqlamaq və sağlam qidalanmaq istəyənlər bu qidalara üstünlük verirlər.

Bəs şəkərin olmaması həmin məhsulun sağlam olması deməkdir, yoxsa bu, sadəcə marketinq strategiyasıdır?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan qida mütəxəssisi Məhsəti Hüseynovanın fikrincə, bəzən məhsulların belə təqdim olunması müştərinin diqqətini çəkmək funksiyası daşıyır:

“Son illərdə insanları müxtəlif məqsədlərlə cəlb etmək üçün az kalorili qidalar təklif olunur. Həmçinin şəkərli diabet və digər xroniki xəstəliklərdən əziyyət çəkən insanlar üçün şəkərsiz və ya az kalorili məhsullar satışa çıxarılır. Bunlar bəzən "Zero", "Diet", "Light" və ya "yağsız" məhsullar kimi təqdim edilir.

Ancaq nəzərə almaq lazımdır ki, bunların əksəriyyəti marketinq üsuludur.

Diyetik məhsulların ümumi kalorisi, şəkəri, yağı və ya karbohidrat miqdarı azaldılsa da, onların tərkibinin keyfiyyəti və sağlamlığa təsiri də diqqətə alınmalıdır.

Çünki əksər hallarda şəkərsiz məhsullarda şəkər əvəzinə aspartam və ya sukraloza kimi şirinləşdiricilərdən istifadə olunur. Bunlar kimyəvi qatqı maddələridir və bəzi hallarda daha zərərli hesab olunur.

Orqanizm onları təbii şəkər kimi qəbul etmir və həddindən artıq istifadəsi qaraciyər və böyrək funksiyalarına mənfi təsir göstərə bilər. Bəzən isə məhsullar daha az zərərli olan steviya və digər təbii vasitələrlə şirinləşdirilir. Buna görə də məhsulun etiketindəki tərkibi mütləq oxumaq lazımdır.

Dünya Səhiyyə Təşkilatının araşdırmalarını nəzərə alsaq, bu maddələrin qısa müddətdə ciddi zərər vurduğunu göstərən qəti nəticələr yoxdur. Lakin aspartam üçün müəyyən edilmiş gündəlik qəbul həddi mövcuddur. Məsələn, təxminən 70 kiloqram çəkisi olan bir insanın aspartamın zərərli təsir göstərə biləcəyi həddə çatması üçün gün ərzində bir litrdən daha çox dietik içki qəbul etməsi lazım gəlir. Nəzərə alınmalıdır ki, bu məhsullar gündəlik istifadə edilirsə, qəbul olunan miqdar zamanla normanı aşa bilər”.

M. Hüseynova qeyd edir ki, bəzən sağlam insanlar da bu kimi məhsullardan istifadə edirlər.

Halbuki hər bir insanın gün ərzində müəyyən miqdarda (təxminən qadınlarda 20-25, kişilərdə isə 30-35 qram) şəkərə ehtiyacı var.

“Qlutensiz məhsullar da satışda olur. Hər hansı insanın qlutenə qarşı həssaslığı yoxdursa və qlutenli məhsullar ona problem yaratmırsa, həmin şəxsin qlutensiz məhsullar qəbul etməsinə ehtiyac yoxdur.

Ona görə də hər bir insan bu kimi məhsulları alarkən öz sağlamlıq vəziyyətini nəzərə almalı, mənşəyi bəlli olan, keyfiyyət nəzarətindən keçmiş və sertifikatlı məhsullara üstünlük verməlidir. Sadəcə reklam xarakterli yazılara aldanmaq düzgün deyil”- deyə mütəxəssis əlavə edib.

Onun sözlərinə görə, sözügedən məhsulların tərkibində istifadə olunan bəzi kimyəvi qatqı maddələri xərçəng xəstələri, uşaqlar, yaşlı insanlar, hamilə və süd verən qadınlar üçün daha riskli ola bilər.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin