“Son illərdə ölkəmizin rəqəmsal gələcəyini təmin edən mühüm dövlət proqramları və strategiyaları qəbul olunub. Bütün bunlar ölkəmizdə rəqəmsal transformasiya proseslərinin idarə edilməsi və bu sahədə vahid dövlət siyasətinin həyata keçirilməsi məqsədini daşıyır”.
Bizim.Media xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini Allahverən İsmayılov Bakıda keçirilən “lV Milli Kibertəhlükəsizlik Forumu”nun rəsmi açılış mərasimində deyib.
O bildirib ki, Rəqəmsal Şuranın yaradılması da bu istiqamətdə atılan ən mühüm addımlardan biridir:
“Şuraya Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etməsi rəqəmsallaşma və yüksək texnologiyaların tətbiqinin dövlətin ən ali strateji prioritetlərindən biri olduğunu bir daha təsdiqləyir. Bu yüksək diqqət və dəstək ölkəmizdə kibertəhlükəsizlik ekosisteminin güclənməsinə, eyni zamanda dövlət qurumları, universitetlər və sənaye tərəfdaşları arasında əməkdaşlığın daha səmərəli müstəviyə keçməsinə mühüm təkan verir”.
Rəis müavini vurğulayıb ki, yaxın perspektivdə kibertəhlükəsizliyə ən ciddi təsir göstərən faktor süni intellekt texnologiyalarının geniş tətbiqi olacaq:
“Eyni zamanda qeyd olunur ki, təhlükəsizlik sistemləri və qabaqlayıcı yanaşmalar bir çox hallarda texnoloji inkişafın sürətindən geri qalır. Bu isə informasiya təhlükəsizliyi sahəsində yeni çağırışlar yaradır və daha çevik yanaşmalar tələb edir”.
O, bu ilin I rübündə dövlət informasiya resurslarına qarşı yönəlmiş çoxsaylı kibertəhdidlərin qarşısının operativ şəkildə alındığını, zərərli trafiklərin filtrasiya edildiyini, fişinq resursları və saxta domenlərin zərərsizləşdirildiyini qeyd edib:
“Bu faktlar bir daha göstərir ki, kibertəhlükələr artıq nəzəri xarakter daşımır. Onlar real, dinamik və daim dəyişən risklərdir və davamlı diqqət tələb edir. Kibertəhlükəsizlik sahəsində uğur yalnız texnoloji imkanlarla deyil, strateji düşüncə, qabaqlayıcı yanaşma və koordinasiyalı fəaliyyətlə təmin olunur".
Günay Şahmar, Vüqar Ağayev, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:27 / 04.06.2026
Allahverən İsmayılov: “Kibertəhlükəsizliyə ən ciddi təsir göstərən faktor süni intellektin geniş tətbiqi olacaq”
Hazırda oxunan: Allahverən İsmayılov: “Kibertəhlükəsizliyə ən ciddi təsir göstərən faktor süni intellektin geniş tətbiqi olacaq”
Hazırda oxunan: Allahverən İsmayılov: “Kibertəhlükəsizliyə ən ciddi təsir göstərən faktor süni intellektin geniş tətbiqi olacaq”
617147
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































