Məişət texnikası təmirində şişirdilmiş qiymətlər – İstehlakçılar necə ALDADILIR?

Hazırda oxunan: Məişət texnikası təmirində şişirdilmiş qiymətlər – İstehlakçılar necə ALDADILIR?

616979

Kombi işləmir, soyuducu soyutmur və ya kondisioner qəfil sönür. Usta çağırılır, qısa baxışdan sonra isə bahalı nasazlıq diaqnozu qoyulur. Texniki bilikləri olmayan vətəndaşların böyük hissəsi deyilənlərə inanaraq tələb olunan məbləği ödəyir. İstehlakçılar arasında "20 manatlıq problemə görə 200 manat ödədim" kimi şikayətlərə tez-tez rast gəlinir.

Bəs həqiqətən bütün bu nasazlıqlar deyilən qədər ciddi olur, yoxsa vətəndaşlar aldadılır

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov Bizim.Media-ya açıqlamasında bildirir ki, məişət avadanlıqlarının təmiri sahəsində böyük anarxiya mövcuddur:

“Dırnaqarası və ya həqiqi ustaların qorxduğu bir məsələ var ki, istehlakçı başqa usta tapa bilər. Buna görə də onlar müştərinin yaşayış şəraitinə baxaraq qiymət müəyyənləşdirirlər və əksər hallarda heç bir qəbz təqdim etmirlər. Bu isə qanun pozuntusudur.

Təmirdən sonra hər hansı nasazlıq baş verərsə, həmin ustanı tapmaq qeyri-mümkün olur. Çünki ortada nə sənəd var, nə də qəbz… Belə vəziyyətdə istehlakçının hüquqlarını qorumaq da mümkün deyil.

Digər səbəb isə biznes qurumları üçün yaradılmış rahat şəraitdən bəzi sahibkarların sui-istifadə etməsidir. Onlar istehlakçıları aldatmağa çalışırlar. Halbuki həm dövlət büdcəsini, həm də iqtisadiyyatı formalaşdıran əsas tərəf istehlakçılardır və onların hüquqları qorunmalıdır”.

Belə problemlərin yaranmaması üçün istehlakçılar nə etməlidir?

Ekspertin sözlərinə görə, ustadan xüsusi sənədlər istənilməlidir:

“Belə hallarda insanlar təmir işləri zamanı ustadan mütləq qəbz tələb etməlidirlər. Qəbz verilmirsə, həmin xidmətdən imtina etmək daha məqsədəuyğundur. Həmçinin utanmadan ustanın şəxsiyyət vəsiqəsinin surətini götürüb saxlamaq lazımdır. Hesab edirəm ki, xidmət sahəsində fəaliyyət göstərən şəxslər sertifikatlaşdırılmalıdır. Onlara müvafiq sənəd verilməlidir ki, bu işi peşəkar şəkildə bacardıqları təsdiqlənsin”.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin