Qurban bayramı ərəfəsində ətin qiyməti 8-10 faiz ətrafında bahalaşdı. Bayramdan sonra qiymət artımı dayansa da, hələ ki, azalma da qeyd alınmır. Nəzərə alaq ki, havalar istiləşir, həm də hicri-qəməri təqvimi ilə Məhərrəm ayı gəlir. Bu isə ətə tələbatı azaldır.
Bəs bu faktorlar bazarda ətin qiymətini aşağı sala bilərmi?
Mövzunu Bizim.Media üçün şərh edən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətin sədri Vüqar Oruc deyib ki, qarşıdan isti yay günləri gəlir:
“Yay günlərində alternativ qida rasionuna üstünlük verilir. Paxlalı bitkilərə, yüngül yeməklərə yay aylarında maraq daha çox olur. Ona görə də yay aylarında ətə maraq bir qədər azalır. Üstəlik, isti havada ət daha tez qaralır. Bu da alıcı marağını azaldır. Digər tərəfdən qarşıdan Məhərrəm ayı gəlir. Bu ayda toy və nişanlara adətən ara verilir. Bu da ət istehlakını azaldır.
Saydığımız hallar yaxın günlərdə ətin qiymətinin enməsi ehtimalını gücləndirir. Amma bunlar nəzəri ehtimallardır. Çünki xaricdən ət idxalı da son aylar bir qədər səngiyib. Nəzərə alaq ki, ətə olan tələbatımızın bir hissəsi idxal hesabına ödənilir. Ona görə də idxalın azalması həm də təklifin aşağı düşməsi deməkdir.
Bildiyiniz kimi, qiymətlər yalnız iki halda ucuzlaşır. Ya təklif tələbi üstələyir, ya da məhsulun maya dəyəri aşağı düşür. Hazırda isə bu iki halın heç birinin baş vermədiyi üçün ətin qiymətinin böyük ölçüdə aşağı düşəcəyini söyləmək düzgün olmazdı.
Qurban bayramının arxada qalması və Məhərrəmlik ayının gəlişi ətin qiymətində müəyyən sabitlik yaradacaq. Amma son illərin təcrübəsi göstərir ki, Qurban bayramında qalxan qiymətlər sonrakı aylarda da yüksək olaraq qalır. Ucuzlaşma isə 2-5 faiz civarında baş verir”.
Surxay Atakişiyev, Bizim.Media


































































































