“Beyləqan əti”nin sirri nədir? – Məşhur dadın arxasındakı HƏQİQƏTLƏR

Hazırda oxunan: “Beyləqan əti”nin sirri nədir? – Məşhur dadın arxasındakı HƏQİQƏTLƏR

616629

Hazırda Azərbaycanda “Beyləqan əti” ifadəsi yüksək keyfiyyətin və dadlı məhsulun simvoluna çevrilib. Bazarlarda və ət dükanlarında alıcılar tez-tez məhz Beyləqandan gətirilən ətə üstünlük verir, hətta onun digər rayonların məhsulundan fərqləndiyini bildirirlər.

Bəs bu reputasiya necə formalaşıb? Doğrudanmı Beyləqanda mal-qara xüsusi yemləmə üsulu ilə bəslənir?

Kənd Təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli Bizim.Media-ya bildirdi ki, məşhur “Beyləqan əti”nin uğurunun arxasında bir neçə mühüm amil dayanır. Hər şeydən əvvəl bölgənin təbii şəraiti və heyvandarlıq ənənələri var. Beyləqan ölkədə uzun illərdir ən çox heyvandarlıqla məşğul olan rayonlardandır.

“Beyləqanda ətin keyfiyyəti ilk növbədə heyvanın bəsləndiyi otlaq sahələri, torpağın xüsusiyyətləri, iqlim şəraiti və yem bazasından asılıdır. Beyləqan aran bölgəsində yerləşir, geniş otlaq sahələri var. Bu, ətin yağlılığına və dadına təsir göstərir.
 

Yonca və digər ətirli yem bitkiləri heyvanların ətini daha dadlı edir. Ümumiyyətlə, Azərbaycanın təbii şəraiti heyvandarlığın inkişafı üçün əlverişlidir və yerli ət məhsulları keyfiyyət baxımından bir çox xarici bazarlarda rəqabət apara və beynəlxalq bazarda brendə çevrilə bilər.


Təkcə Beyləqanda deyil, Şəmkirin, Naxçıvanın bəzi kəndlərində də yüksək keyfiyyətli, dadlı ət əldə olunur. Sadəcə Beyləqan ətinin çox tanınmasının əsas səbəblərindən biri bu bölgədə heyvandarlığın geniş yayılması və bazarda daha çox təmsil olunmasıdır. Alıcılar daha çox bu rayondan gətirilən əti tanıyır”.

Bununla yanaşı, ekspert vurğuladı ki, son illər bu bölgədə də heyvandarlıqda azalma müşahidə olunur. Nəticədə heyvandarlıq təsərrüfatları tədricən başqa regionlara yönəlir. Qarabağ və digər bölgələrdə istifadəyə verilən yeni torpaq sahələri isə gələcəkdə heyvandarlığın inkişafı üçün yeni imkanlar yarada bilər.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin