Hamiləlik və doğuş dövründə qadın ölümlərinin çoxalması cəmiyyətdə narahatlıq yaradaraq yenidən gündəmə çevrilib. Ölkədə ötən il qeydə alınan ana ölümü halları əvvəlki illərlə müqayisədə artıb.
Bəs bu artımın arxasında hansı səbəblər dayanır?
Məsələ ilə bağlı Bizim.Media-ya danışan mama-ginekoloq Arzu Məhərrəmovanın sözlərinə görə, tibbi avadanlıqların təkmilləşməsi belə bu halların qarşısını tam olaraq ala bilmir:
“Ümumiyyətlə, bütün dünyada ana ölümü həmişə mövcud olub. Tibbi texnologiyalar nə qədər inkişaf etsə də, bu hallar qeydə alınır. Ana ölümünün ən çox rast gəlinən səbəbi doğuşdan sonrakı qanaxmalardır. Hipertenziv hallar (yüksək təzyiq), infeksiyalar, xüsusilə sepsis ilə nəticələnən infeksiyalar, tromboemboliyalar (qan laxtasının damarı tıxaması) da buna səbəb ola bilər.
Eyni zamanda doğuş zamanı uşaqlığın cırılması, çətin və uzunmüddətli doğuşlar, döl mayesinin emboliyası kimi hallar da ölümünün səbəblərindəndir. Ananın digər somatik xəstəlikləri — ürək xəstəlikləri, şəkərli diabet, böyrək çatışmazlığı, anemiya, yəni qanazlığı da bura daxildir.
Ən çox da cərrahi müdaxilələr zamanı, xüsusilə qeysəriyyə əməliyyatı ilə nəticələnən doğuşlarda cərrahi və anestezioloji ağırlaşmalarla (narkoz və keyitmə ilə bağlı yaranan ağırlaşmalar) rastlaşırıq.
Ananın yaşı çox önəmlidir. Yəni 18 yaşına qədər olan yeniyetmə hamiləliklərində, gec yaşda doğum edən qadınlarda, eyni zamanda çoxsaylı doğuşlarda ana ölümü baş verə bilər”.
Belə halların baş verməməsi üçün hansı profilaktik tədbirlər görülməlidir?
Ginekoloq bildirir ki, hamiləlik prosesinin nəzarətdə saxlanılması və diaqnostika önəmlidir:
“Bütün dünyada olduğu kimi, bizdə də hamiləlik zamanı antenatal xidmət yüksək səviyyədə qurulmalıdır. Xüsusilə riskli hamiləliklərin erkən diaqnostikası çox önəmlidir və düzgün şəkildə izlənilməlidir. Həmin qadınlar mütəmadi olaraq qadın məsləhətxanalarına müraciət etməlidirlər.
Bütün müayinələr vaxtında aparılmalı, yanaşı xəstəliklər nəzarətdə saxlanılmalıdır. Doğuş və qeysəriyyə əməliyyatı zamanı sterilliyin təmin olunması vacibdir. Daha müasir avadanlıqlarla təchiz olunmuş doğum evlərində riskli hamiləliklər və doğuşlar həyata keçirilməlidir”.
A. Məhərrəmmova xüsusən vurğulayır ki, bəzən ana ölümünün əsas səbəbi doğuş zamanı vaxt itkisinin olmasıdır. Təcili yardımın vaxtında göstərilməməsi ciddi problem yarada bilir.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda ana ölümü üzrə 26 hal qeydə alınıb. 2024-cü ilə nisbətən 2025-ci ildə hər 100 000 nəfər diri doğulana hesabı ilə ana ölümü şəhər yerlərində 12.2-dən 22.1dək artıb, kənd yerlərində isə 43.4-dən 31.7dək azalıb.
Xədicə Paşayeva, Bizim.Media
































































































