Yerli və xarici mütəxəssislər Balakəndə olublar. Səfərdə əsas məqsəd Qafqaz regionunda qəhvəyi mərmər bağalığının yayılmasının qarşısının alınması və idarə olunmasıdır.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə “Qafqaz regionunda qəhvəyi mərmər bağalığının yayılmasının qarşısının alınması və idarə olunması” mövzusunda regional seminar keçirilib. Seminar çərçivəsində yerli və xarici mütəxəssislərin Balakən rayonuna sahə səfəri təşkil olunub.
Səfər zamanı iştirakçılar rayon ərazisində zərərvericinin yayıldığı sahələrdə aparılan monitorinq və mübarizə tədbirləri ilə yerində tanış olublar. Xarici mütəxəssislər müşahidə işlərinin təşkili, yayılma səviyyəsinin qiymətləndirilməsi və inteqrir mübarizə üsulları ilə bağlı beynəlxalq təcrübələrini həmkarları ilə bölüşüblər.
Daha sonra seminar iştirakçıları Balakən rayonundakı gömrük-sərhəd keçid məntəqəsində həyata keçirilən fitosanitar və dezinseksiya tədbirlərini nəzərdən keçiriblər. Görüş zamanı qəhvəyi mərmər bağalığının transsərhəd yayılma risklərinin azaldılması istiqamətində görülən tədbirlər və nəzarət mexanizmləri ətrafında müzakirələr aparılıb.




Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu






































































































