"Ailə planlaşdırılması və reproduktiv sağlamlıq haqqında qanunun qəbuluna böyük ehtiyac var".
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentin bugünkü plenar iclasında, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə hesabatının müzakirəsi zamanı deyib.
Komitə sədri qeyd edib ki, doğulan qız və oğlan uşaqları arasındakı fərqdə əvvəlki illərlə müqayisədə azalma müşahidə edilir:
"Hazırda hər 100 qıza 113 oğlan düşür. Halbuki bioloji norma hər 100 qıza 105–107 oğlandır. Bu istiqamətdə aidiyyəti qurumlar tərəfindən maarifləndirmə tədbirləri həyata keçirilir. Lakin bu fəaliyyət daha da gücləndirilməlidir. Bu məsələ yalnız aidiyyəti qurumların deyil, bütövlükdə cəmiyyətin diqqətində olmalıdır".
H.Hüseynova illik hesabatda əks olunan ana və uşaq ölümləri ilə bağlı narahatlıq doğuran statistik göstəriciləri də diqqətə çatdırıb:
"Hesabatda göstərilir ki, hər 100 min diri doğuşa düşən ana ölümü göstəricisi 2020-ci ildə 15,18 olduğu halda, 2025-ci ildə 27,1 təşkil edib. Eyni zamanda, hər 1000 diri doğulan uşaq arasında 1 yaşadək ölüm halları 2020-ci ildə 9,18 idisə, 2025-ci ildə bu rəqəm 13,7 olub.
Bu göstəricilər ana və uşaq ölümlərinin səbəblərinin daha dərindən araşdırılmasını zəruri edir. Eyni zamanda, ailə planlaşdırılması və reproduktiv sağlamlıq haqqında qanunun qəbuluna böyük ehtiyac olduğunu növbəti dəfə sübut edir".
Günay Şahmar, Bizim.Media


































































































