Bayram günlərində rayonlara səfərə hazırlaşanların NƏZƏRİNƏ

Hazırda oxunan: Bayram günlərində rayonlara səfərə hazırlaşanların NƏZƏRİNƏ

615272

Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün 26-31 may tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə Bizim.Media-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Məlumata əsasən, AYNA şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişindaşımaları yerinə yetirən daşıyıcılar tərəfindən fasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi, kassalardan tariflərə uyğun biletlərin qanunamüvafiq qaydada satışının həyata keçirilməsi, yarana biləcək sərnişin sıxlığının qarşısının alınması, eləcə də avtobusların təsdiq edilmiş cədvəl üzrə hərəkət qrafiklərinə ciddi riayət edilməsi ilə bağlı bütün avtovağzal və avtostansiyalara müvafiq tapşırıqlar verib.
 

Bakı Beynəlxalq Avtovağzal Kompleksində bayram ərəfəsində və istirahət günlərində sərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunacaq.


Sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobus buraxılması təmin ediləcək.

Vətəndaşlar biletləri //biletim.az/ portalından onlayn qaydada, həmçinin avtovağzalların kassalarından əldə edə bilərlər.

Qeyd edək ki, hazırda portalda 58 məntəqəyə 94 istiqamət üzrə bilet almaq mümkündür.

Sistemə 361 reys olmaqla 409 nəqliyyat vasitəsi qoşulub. Portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malikdir.

Vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaq üçün biletləri onlayn qaydada "biletim.az" portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin