Qarabağ Universitetində xarici tələbələr dünyanın gələcəyini müzakirə etdi - FOTO

Hazırda oxunan: Qarabağ Universitetində xarici tələbələr dünyanın gələcəyini müzakirə etdi - FOTO

615160

Qarabağ Universitetində keçirilən QUMUN 2026 konfransının ikinci günü komitə sessiyaları və diplomatik müzakirələrlə davam edib.
 
Bizim.Media xəbər verir ki, yerli və xarici iştirakçılar BMT-nin Təhlükəsizlik Şurası, UNESCO, İqtisadi və Sosial Şura və Beynəlxalq Ədalət Məhkəməsinin iclas və sessiyalarını simulyasiya edərək Asiya, Avropa, Afrika, Şimali Amerika, Cənubi Amerika və Avstraliya qitələrindən müxtəlif ölkələrin diplomatları rolunda müxtəlif mövzular ətrafında intensiv debatlar aparıblar.
 

Sessiyalar zamanı nümayəndələr qlobal və regional çağırışlarla bağlı mövqelərini təqdim edib, çoxtərəfli diplomatik danışıqlarda iştirak edərək beynəlxalq qərar qəbul etmə proseslərini simulyasiya ediblər.


 Komitə iclaslarında post-münaqişə dövründə şəhərsalma və urbanizasiya, mədəni irsin qorunması, sülh quruculuğu, dayanıqlı inkişaf, yaşıl texnologiyalar və süni intellektin idarə olunması kimi mövzular üzrə geniş müzakirələr aparılıb. İştirakçılar müxtəlif ölkələrin mövqelərini təhlil edərək problem həllinə yönəlmiş yanaşmalar irəli sürüblər.
Ətraflı
 
Sessiyalar çərçivəsində nümayəndələr tərəfindən qətnamə layihələrinin ilkin versiyaları hazırlanaraq komitələrdə təqdim olunub.

Təqdim olunan sənədlər üzrə debatlar keçirilib, iştirakçılar tərəfindən müxtəlif düzəliş və əlavələr təklif edilib, qətnamələrin məzmununun təkmilləşdirilməsi istiqamətində danışıqlar aparılıb. Bununla yanaşı, nümayəndələr arasında koalisiyaların formalaşdırılması və ortaq mövqelərin hazırlanması prosesi də davam edib.
 
QUMUN 2026 gənclərə beynəlxalq diplomatiya, ictimai çıxış, danışıqların aparılması, analitik düşüncə və komanda işi sahələrində praktiki təcrübə qazandırmaqla bərabər onların beynəlxalq əməkdaşlıq və sosial-iqtisadi inteqrasiya proseslərində fəal iştirakını təşviq edir.
 
Qeyd edək ki, konfrans Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində Gənclərin Beynəlxalq Dialoq Platformasının təşkilatçılığı, Qarabağ Universitetinin ev sahibliyi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının tərəfdaşlığı ilə həyata keçirilir.
 

Qarabağda ilk dəfə keçirilən beynəlxalq BMT Modeli konfransı regionda akademik əməkdaşlığın, gənclər diplomatiyasının və beynəlxalq dialoqun inkişafına töhfə verən mühüm platforma kimi əhəmiyyət daşıyır.


 QUMUN 2026-nın ikinci günü Qarabağ Universitetində diplomatik debatlar, strateji danışıqlar və beynəlxalq əməkdaşlıq ruhu ilə davam edib.
 















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin