Azərbaycanda meşələrə dronlar nəzarət edəcək – Nazir AÇIQLADI

Hazırda oxunan: Azərbaycanda meşələrə dronlar nəzarət edəcək – Nazir AÇIQLADI

615012

Meşələrdə qanunsuz ağac kəsimlərinin qarşısının alınması məqsədilə yeni nəzarət mexanizmləri tətbiq olunur. İlkin mərhələdə müxtəlif bölgələrdə riskli ərazilərdə dron müşahidələri həyata keçiriləcək.

Bizim.Media xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov “trend.az” Beynəlxalq İnformasiya Agentliyinə və “ARB24” televiziya kanalına müsahibəsində bildirib.

Nazir əlavə edib ki, ilin sonuna qədər müəyyən ərazilərdə, əsasən risk zonalarında, kameraların quraşdırılması və görüntülərin onlayn yayımlanması təmin olunacaq:

"Bu gün biz müasir texnologiyalardan istifadə etməyə qərar verdik. Bu həm də dronların alınmasını nəzərdə tutur. Artıq müqavilələr bağlanıb və ilk dronlarımız yaxın vaxtlarda tətbiq olunacaq. Süni intellekt əsaslı platformalar üzərindən bu işin təşkilini planlaşdırırıq.
 

Yeni sistemdə çəkilən görüntülər elektron sistem vasitəsilə müqayisə ediləcək və qanunsuz ağac kəsimi və ya digər dəyişikliklər aşkarlandıqda aidiyyəti qurumlar dərhal məlumatlandırılacaq. Bu, operativ müdaxilələr üçün zəmin yaradacaq.


İlkin mərhələdə İsmayıllı meşələri, zəngin təbiəti ilə seçilən ərazilər seçilib. Uğurlu nəticələr əldə edildikdən sonra digər ərazilərdə də bu işlər təşkil olunacaq," - deyə nazir bildirib.

O həmçinin vurğulayıb ki, ölkədə ilk mərhələdə sənaye məqsədli meşə salınması üzrə pilot layihəyə start verilməsi nəzərdə tutulur.

Nazirin sözlərinə görə, layihə çərçivəsində pavloniya və sürətlə böyüyən digər ağac növlərindən istifadə etməklə meşə təsərrüfatının yeni modeli formalaşdırılacaq:

"Hazırda Azərbaycanda sənaye məqsədli meşələr mövcud deyil. Lakin cəmiyyətdən və yerli sahibkarlardan bu istiqamətdə müraciətlər daxil olub. Dünya təcrübəsinə baxdıqda, sənaye meşələrinin salınması geniş tətbiq olunur -xüsusilə Çində, həmçinin Almaniya və İspaniyada, Özbəkistanda isə son dövrlərdə geniş şəkildə həyata keçirilir.
 

Bizim özbək tərəfdaşlarımızla görüşdə pavloniya və tez bitən qovaq ağaclarının əkilməsi təşəbbüsü irəli sürülüb və bu məsələ araşdırılıb. Hesab edirik ki, bu növ ağaclardan sənaye meşəsi məqsədilə istifadə, sahibkarlar vasitəsilə meşəsalmanı həyata keçirmək Azərbaycan üçün irəliləyiş olacaq. Bu, meşələrin sürətlə bərpasına imkan verəcək və əhalimiz də bundan yararlana biləcək.


Əsas məqam Pavloniya ağaclarının Azərbaycan üçün xas olmamasıdır, buna görə də məsələyə həssas yanaşırıq. 100 hektar ərazidə pilot layihəyə başlanılır və nəticələrdən asılı olaraq növbəti addımlar atılacaq.

Eyni zamanda, layihənin səmərəliliyi ilə bağlı İqtisadiyyat Nazirliyi ilə tərəfdaşlıq edilir, xarici mütəxəssislər də cəlb olunur. Avropa ölkələrində də bu tip ağac əkilməsi aktiv şəkildə həyata keçirilir," - deyə nazir əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin