WUF13-ün yekunlarına əsasən "Bakı Fəaliyyətə Çağırış" qəbul edildi

Hazırda oxunan: WUF13-ün yekunlarına əsasən "Bakı Fəaliyyətə Çağırış" qəbul edildi

614854

Bu gün Bakıda başa çatan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) yekunlarına əsasən "Bakı Fəaliyyətə Çağırış"ın yekun versiyası dərc olunub.

Bizim.Media xəbər verir ki, "Bakı Fəaliyyətə Çağırış" iştirakçıları tərəfindən hazırlanmış və artmaqda olan qlobal mənzil böhranının həlli istiqamətində səylərin bərpa edilməsinə çağıran forumun yekun sənədidir.

Sənəd geniş və inklüziv məsləhətləşmə prosesi çərçivəsində hazırlanıb və WUF13-dəki müzakirələr zamanı, eləcə də forumdan əvvəlki aylarda formalaşmış prioritetləri və tövsiyələri əks etdirir.
 

Forumda 176 ölkədən 57 mindən çox insan (o cümlədən 3 mindən çox onlayn iştirakçı), eləcə də yerli hakimiyyət orqanlarının, müxtəlif təşkilatların, vətəndaş cəmiyyətinin, biznesin nümayəndələri, tədqiqatçılar və s. iştirak edib. Sənəd forumun bütün tarixi ərzində maraqlı tərəflərin ən irimiqyaslı və müxtəlif qarşılıqlı fəaliyyət proseslərindən birinin nəticəsi olub.


"Bakı Fəaliyyətə Çağırış" danışıqlar gedişində işlənib hazırlanmış hökumətlərarası saziş deyil, forum çərçivəsindəki müzakirələr və təkliflər nəticəsində formalaşmış ümumi prioritetləri və praktiki tədbirləri əks etdirir. Sənəd müxtəlif şəraitlərdə mənzil problemlərinin həllində kollektiv məsuliyyətin və daha sıx əməkdaşlığın yol xəritəsi olmaq məqsədi daşıyır", - WUF13-ün saytında bildirilib.

Mənzil sistemlərinin yenidən nəzərdən keçirilməsinə çağırış

"Bakı Fəaliyyətə Çağırış"ın əsas mesajlarından biri o olub ki, mənzilə yalnız evlərin tikintisi kimi baxmaq olmaz. Sənəd torpaqdan istifadə, infrastruktur, nəqliyyat, ictimai xidmətlər və iqtisadi imkanlar məsələləri ilə daha sıx bağlı olan mənzil sistemlərinin formalaşdırılmasına çağırır.

WUF13-də müzakirələr zamanı dəfələrlə vurğulanıb ki, mənzil böhranı qiymət artımı, torpaq spekulyasiyası, məcburi köçkünlük, idarəetmə sistemlərinin zəifliyi və iqlim dəyişikliyinin fəsadları daxil olmaqla qarşılıqlı əlaqəli amillərin təsiri altında formalaşır. "Bakı Fəaliyyətə Çağırış" vurğulayıb ki, bu problemlərin həlli fraqmentar yanaşmalardan imtina edərək daha inteqrasiya olunmuş və insanyönümlü həll yollarının xeyrinə seçim etməyi tələb edir.

Mənzil və iqlim ədaləti ayrılmazdır

Sənəd həmçinin mənzil və iqlim dəyişikliyi arasında artan qarşılıqlı əlaqəyə böyük diqqət yetirir.

Orada vurğulanıb ki, çox vaxt ən böyük mənzil müdafiəsizliyinə məhz daşqınlar, ekstremal istilər və ətraf mühitin deqradasiyası da daxil olmaqla iqlim riskləri qarşısında ən həssas olan icmalar məruz qalır.

"Bakı Fəaliyyətə Çağırış" təbiətə əsaslanan həllər, mövcud mənzillərin modernləşdirilməsi və renovasiyası, yerli icmaların təşəbbüsləri və təbii fəlakətlərə hazırlığın artırılması kimi yanaşmalar vasitəsilə iqlim dəyişikliklərinə davamlı mənzil sistemlərinə investisiyaları aktivləşdirməyi tövsiyə edir.

Öhdəliklərdən - reallaşdırmaya

Mövcud problemlərin göstərilməsi ilə yanaşı, sənəd reallaşdırmaya və kollektiv məsuliyyətə xüsusi diqqət yetirir. Orada çoxsəviyyəli idarəetməni gücləndirməyə, maliyyələşdirmə mexanizmlərini genişləndirməyə, məlumatlara çıxışı yaxşılaşdırmağa və yerli hakimiyyət orqanlarına dəstəyi artırmağa, eləcə də icmaların yerlərdə həll yollarını həyata keçirməsi üçün imkanlarını genişləndirməyə çağırış yer alır.

WUF13 zamanı dəfələrlə qeyd edildiyi kimi, dünyanın bir çox şəhərlərində və icmalarında artıq səmərəli həll yolları hazırlanmaqdadır. "Bakı Fəaliyyətə Çağırış" bu təcrübəni birləşdirməyə və onu forum hüdudlarından kənarda kollektiv fəaliyyətlərə çevirməyə yönəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin