“Sülh qadın hərəkatının əsas dayaqlarından biridir və bu, qadın hərəkatının təməl prinsiplərindən hesab olunur”.
Bizim.Media “azertag.az”a istinadla xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Şəhərlərin bərpası və sülh quruculuğunda qadın və qızların rolu” adlı tədbirdə Madrid Politexnik Universitetinin şəhərsalma üzrə professoru və gender məsələləri üzrə UNESCO kafedrasının rəhbəri İnes Sançes de Madariya deyib.
O qeyd edib ki, münaqişələrin qeyri-zorakı həlli formaları təşviq edilməli, qaçqın qadınlara xüsusi müdafiə və yardım göstərilməlidir.
İnes Sançes de Madariya vurğulayıb ki, qadınların üzləşdikləri problemlərin həlli istiqamətində fəal siyasətin həyata keçirilməsi vacibdir. Bildirib ki, qadınların iqtisadi imkanlara çıxışının genişləndirilməsi münaqişə şəraitində onların vəziyyətinin yaxşılaşdırılması üçün əsas amillərdən biridir.
Madariya daha sonra qeyd edib ki, cəmiyyətdə formalaşmış qeyri-rəsmi institutlar, davranışlar və stereotiplər qadınların vəziyyətinə təsir göstərir və bu məsələlərə xüsusi diqqət yetirilməlidir.
Bizim.Media






























































































