Zəngilan şəhərində ilk yaşayış kompleksində sakinlərin köç prosesi davam edir.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlhamiyyə Rza Bizim.Media-nın yerli bürosuna bildirib ki, kompleks artıq istifadəyə verilib və burada ilk sakinlər məskunlaşıb.
Onun sözlərinə görə, ölkə başçısı İlham Əliyevin iştirakı ilə açılışı edilən yaşayış məhəlləsinin təməli 2022-ci ildə qoyulub, bu ilin 10 may tarixində isə istifadəyə verilib.
Baş plana əsasən 2 hektar ərazidə inşa olunan kompleks 12 binadan ibarətdir. Binaların 8-i 2 mərtəbəli, qalanları isə 3 mərtəbəlidir. Müasir şəhərsalma standartlarına uyğun tikilən ərazidə uşaq oyun meydançası, idman zonası, söhbətgahlar, yeraltı və yerüstü avtomobil dayanacaqları yaradılıb.
Burada həmçinin məktəb, uşaq bağçası və xəstəxana kimi sosial infrastruktur obyektlərinin inşası nəzərdə tutulur. Yaşayış məhəlləsi Zəngilan Konqres Mərkəzi və rayon məscidinə yaxın ərazidə yerləşir.
Qeyd olunub ki, ölkə başçısı bu müddət ərzində iki dəfə ərazidə görülən işlərlə yerində tanış olub.
Artıq 59 ailə Zəngilana köçürülərək mənzillərin açarlarını təhvil alıb. Bu gün isə daha 5 ailə doğma yurda qayıdıb.
Xatırladaq ki, 20 oktyabr 2020-ci ildə Zəngilan şəhəri işğaldan azad edilib və həmin tarix Prezidentin müvafiq sərəncamı ilə Zəngilan Şəhəri Günü kimi qeyd olunur. Bu il həmin əlamətdar gün ilk dəfə məhz Zəngilan şəhərində qeyd edilib.



Bizim.Media



































































































