Yazın ən çox sevilən meyvələrindən biri olan alçanın artıq bazarlarda qiyməti stabilləşməyə başlayıb.
Bizim.Media xəbər verir ki, mövsümün əvvəlində qiyməti əlyandıran alça hazırda növünə və yerinə görə 5-7 manata satılır.
Qiymətin hələ də düşməməsinin əsas səbəbi bu il məhsuldarlığın az olması və hava şəraitinin alça bağlarına təsir etməsidir.
Amma istənilən halda Avropa ölkələri ilə müqayisədə xeyli əlçatan qiymətə təklif olunur. Məsələn, bu il avropalılar bu turşməzə meyvənin kilosunu 16-20 avroya əldə edə bilirlər. Göycə alçasının dadı damağında qalmış soydaşlarımız deyirlər ki, xaricdə alçanı kiloyla yox, qramla alırlar.
Ən əsası alçanı duza batırıb yemək ənənəsi yəqin ki, azərbaycanlıların kəşfidir. Alça duza batırılıb yeyildikdə həm iştaha açır, həm də daha faydalı hesab olunur. Belə ki, alça bu cür yeyiləndə immuniteti gücləndirir, dəri balansını qoruyur, isti havalarda onu nəm saxlamağa kömək edir. Bundan başqa xərçəng riskini azaldır, sümükləri gücləndirir, stressi nizamlayır.
Sadəcə mütəxəssislər bildirirlər ki, ölçülü şəkildə istehlak edilməlidir. Hər nə qədər ağzı sulandırsa da, nəfsi gözləmək lazımdır ki, duz təzyiqə mənfi təsir etməsin.
Şəfiqə Şəfa, Bizim. Media







































































































