B12 vitamini sinir sisteminin fəaliyyəti, eritrositlərin (qırmızı qan hüceyrələrinin) yaranması və DNT-nin bərpası üçün orqanizmə vacibdir. Lakin alimlər getdikcə daha çox bu vitaminin artıqlığının onkoloji xəstəliklərin inkişafı ilə əlaqəli ola biləcəyini müzakirə edirlər.
Bizim.Media xəbər verir ki, bu barədə "The Conversation" portalı məlumat yayıb.
B12 vitamini, yaxud kobalamin, ət, balıq, yumurta, süd məhsullarında, həmçinin bəzi zənginləşdirilmiş dənli bitkilərdə və çörəkdə mövcuddur.
Onun çatışmazlığı xüsusilə veqanlar, yaşlı insanlar və qida maddələrinin sorulmasını pozan bağırsaq xəstəlikləri olan pasiyentlər üçün təhlükəlidir.
B12 çatışmazlığı DNT-nin kopyalanması zamanı səhvlərə yol aça bilər ki, bunun da ucbatından mutasiyaların və bəzi xərçəng növlərinin, xüsusən də kolorektal (bağırsaq) xərçəngin riski artır. Lakin vitaminin həddindən artıq istehlakı da zərərli ola bilər.
Müəlliflər qeyd edirlər ki, B12 vitamini ümumilikdə hüceyrələrin böyüməsini dəstəkləyir. Bura yalnız sağlam hüceyrələr deyil, həm də potensial olaraq xərçəngönü hüceyrələr daxildir. Bu səbəbdən alimlər, yüksək dozalı əlavələrin (vitaminlərin) uzunmüddətli qəbulunun artıq mövcud olan şiş hüceyrələrinin inkişafına təkan verə biləcəyini araşdırırlar.
Bizim.Media







































































































