DİM 9 istiqamət üzrə imtahan keçirir - Detallar

Hazırda oxunan: DİM 9 istiqamət üzrə imtahan keçirir - Detallar

612962

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün iyunun 28-də keçiriləcək ixtisas imtahanına qeydiyyat elan edilir.

Dövlət İmtahan Mərkəzindən (DİM) Bizim.Media-ya bildirilib ki, qiymətləndirmə fəaliyyəti 9 istiqamət üzrə aparılır:

1. Daşınar əmlakın (maşın və avadanlıqların, nəqliyyat vasitələrinin, heyvan və bitkilərin və s.) qiymətləndirilməsi;

2. Daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin qiymətləndirilməsi;

3. Daşınar və daşınmaz mədəni irs nümunələrinin, mədəni sərvətlərin, tarix, mədəniyyət və təbiət abidələrinin qiymətləndirilməsi;

4. Müəssisələrin qiymətləndirilməsi;

5. Qeyri-maddi əmlak nemətlərinin (əqli mülkiyyət hüququ obyektlərinin, hüquqi şəxslərin nizamnamə kapitalında (fondunda) və ümumi əmlakda paylarının və qiymətli kağızlarının, habelə tələblərin və hüquqların) qiymətləndirilməsi;

6. Kreditor borcların və digər öhdəliklərin, debitor borcların, material ehtiyatlarının və digər aktivlərin qiymətləndirilməsi;

7. Təbii sərvətlərin qiymətləndirilməsi;

8. Dəymiş zərərin, əldən çıxmış mənfəətin və risklərin qiymətləndirilməsi;

9. Xidmətlərin qiymətləndirilməsi.
 

“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa və Nazirlər Kabinetinin 2024-cü il 20 may tarixli Qərarına əsasən ölkəmizdə yuxarıda göstərilən istiqamətlər üzrə qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanları, qiymətləndiricinin ixtisas şəhadətnaməsinin verilməsi Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir.


Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxs ali təhsilə və üç ildən az olmayan ümumi iş stajına malik olmalı, ixtisas imtahanını müvəffəqiyyətlə verməli və Qiymətləndiricilər Palatasının üzvü olmalıdır.

Qəsdən ağır və xüsusilə ağır cinayət, habelə xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olmayaraq korrupsiya cinayəti və qulluq mənafeyi əleyhinə olan digər cinayət, həmçinin iqtisadi sahədə cinayət törətməyə görə məhkumluğu ödənilməmiş və ya götürülməmiş, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan şəxslər qiymətləndirici ola bilməzlər.

Ali təhsilə və üç ildən az olmayan ümumi iş stajına malik, məhkumluğu olmayan şəxslər ixtisas imtahanlarında iştirak edə bilərlər.

İxtisas imtahanlarında iştirak ödənişlidir. İxtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləği 98 manatdır.
 

İmtahanda iştirak etmək istəyən namizədlər ilk növbədə Mərkəzin internet saytında “Şəxsi kabinet” yaratmalı və mayın 13-dən iyunun 3-dək (saat 18:00-dək) “Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin ixtisas imtahanlarında iştirakı üçün qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər.


İxtisas imtahanı yuxarıda qeyd olunmuş 9 istiqamət üzrə iyunun 28-də DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50) keçiriləcək.

Namizədlər imtahana buraxılış vərəqəsini qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 3-4 gün qalmış DİM-in saytından çap edə biləcəklər.

İmtahanda namizədlərə müvafiq istiqamət üzrə 30 test tapşırığı təqdim olunur. Test tapşırıqlarının düzgün cavabları 1, 2 və ya 3 balla qiymətləndirilir. İmtahan üzrə toplanılması mümkün olan ümumi (maksimal) bal 60-dır. Otuz bal və daha yuxarı nəticə əldə etmiş namizəd imtahandan müvəffəqiyyətlə keçmiş hesab olunur.

İxtisas imtahanından keçməyən şəxslərin qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün keçirilən imtahanlarda təkrar iştirak etmək hüququ vardır. İxtisas imtahanı ildə 2 dəfə keçirilir.

Daha ətraflı məlumat DİM-in saytında yerləşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin