Azərbaycanda hər il ən yüksək keçid balları əsasən 3-cü qrup ixtisaslarında formalaşır. Hüquq, beynəlxalq münasibətlər, jurnalistika və digər humanitar yönümlü sahələr abituriyentlər arasında ən nüfuzlu seçimlərdən hesab olunur. Ancaq əmək bazarına gəlincə, bu sahədə vakansiyaların məhdudluğu gənc məzunları məyus edir. Yaxud da tamamilə əks bir sahəyə yönəlib işləməli olur. Belə olduqda isə o yüksək balı yığmaq üçün çəkdiyi əziyyət, oxuduğu illər boşa getmiş olur.
İstər-istəməz sual yaranır ki, əgər bazarın tələbi fərqlidirsə, niyə məhz bu ixtisaslar ən yüksək balla tələbə qəbul edir? Təhsil sistemi ilə əmək bazarı arasında uyğunsuzluq niyə dərindir?
Təhsil üzrə ekspert Məzahir Məmmədli Bizim.Media-nın sualına cavab olaraq bildirdi ki, dünyanın heç bir yerində qruplar üzrə ixtisaslar müəyyənləşmir. İxtisaslar əvvəlcə hər bir şəxsin istədiyi istiqamət üzrə qəbul olunur, sonra bilik və bacarıqlarına görə əmək bazarında imkanlar təklif edilir.
“Azərbaycanda bu bir qədər fərqlidir, çünki bizdə müəyyən qruplar üzrə qəbul aparılır, nəticədə bu günün tələbi ilə uyğunlaşmır və üçüncü qrup üzrə problemlər yaşanır. Üçüncü qrup Azərbaycanda əsasən humanitar sahəni əhatə edir: hüquqşünaslar, filoloqlar, jurnalistlər, politoloqlar bu qrupda cəmləşiblər. Onların bazarını artıq süni intellekt məhdudlaşdırıb.
Ona görə də hər il olduğu kimi bu il də Azərbaycanda 3-cü qrupa sənəd verənlərdə müəyyən bir təlaş var. Həm əmək bazarı qorxusu, həm də qəbul tələbinin çox yüksək olması. Ona görə də bu qrupu seçənlərdə artıq tərəddüd yaranır, başqa qruplara yönəlməyə başlayırlar.
Həmişə sənəd sayına görə birinci yerdə olan 3-cü qrup indi vaxtilə ən az sənəd verilən birinci qrupa bərabərləşib. Hətta 1-ci qrup üzrə sənədlərin verilməsində artım müşahidə olunur”.
Şəfiqə Şəfa, Bizim.Media






































































































