Bu il buraxılış imtahanlarında bir çox şagirdlər yüksək nəticələr əldə edərək sevindirici göstəricilərə imza atıblar. Onların sırasında elələri də var ki, məktəbə getmədən, parta arxasında əyləşmədən belə böyük uğura nail olublar.
Belə şagirdlərdən biri də əzmi, zəhməti və məqsədyönlülüyü ilə seçilən Əlizadə Nəcibə Ramil qızıdır. O, 9-cu sinif buraxılış imtahanında 252 bal toplayaraq fərqlənmə attestatına namizəd olub.
Nəcibə Yevlax şəhərində dünyaya göz açıb. O, uşaqlıqdan aşağı ətrafların serebral iflici diaqnozu ilə mübarizə apararaq məktəbə gedə bilməsə də, təhsilini ev şəraitində fərdi qaydada davam etdirib. Buna baxmayaraq, onda olan oxuma həvəsi və biliyə olan maraq onun daha da əzmlə çalışmasına səbəb olub.
Atası Ramil Əlizadə bildirib ki, Nəcibə uşaqlıqdan ağır müalicələr və çoxsaylı əməliyyatlar keçirib:
“Qızımız 9 aylığından indiyədək 14 dəfə ağır əməliyyat olunub. Bütün bu çətinliklərə baxmayaraq, o heç vaxt ruhdan düşməyib. Biz valideyn olaraq hər zaman onun yanında olmuşuq və təhsil alaraq gələcəkdə müstəqil bir həyata sahib olmasını istəmişik,” – deyə o bildirib.
Çətinliklərə baxmayaraq, Nəcibə təhsilini yarımçıq qoymayıb, böyük iradə nümayiş etdirərək uğura gedən yolunu davam etdirib. Onun ən böyük arzusu gələcəkdə 700 bal toplayaraq yüksək nəticə göstərmək, Prezident təqaüdünə layiq görülmək və kompüter mühəndisi kimi peşə sahibi olmaqdır.
O hesab edir ki, evdə təhsil alan şagirdlər heç vaxt ruhdan düşməməli, daim məqsədyönlü olmalı və arzularına çatmaq üçün əzmlə çalışmalıdırlar.
Biz də Nəcibəyə gələcək həyatında uğurlar arzulayırıq. Ümid edirik ki, o, gələcəkdə respublika birincilərindən biri olaraq böyük nailiyyətlər qazanacaq və hər kəsə örnək olacaq.

Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu
































































































