Media nümayəndələri üçün WUF13-lə bağlı görülən işlərin təqdimatı keçirildi – FOTO

Hazırda oxunan: Media nümayəndələri üçün WUF13-lə bağlı görülən işlərin təqdimatı keçirildi – FOTO

612916

Media nümayəndələri Bakı Olimpiya Stadionunun (BOS) ərazisində mayın 17-22-də keçiriləcək "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna həsr olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ilə bağlı görülən işlərlə tanış olublar.

Bizim.Media xəbər verir ki, əvvəlcə media nümayəndələri akkreditasiya mərkəzinə baş çəkiblər.

WUF13 Azərbaycan Əməliyyat şirkətinin icraçı direktoru Adil Məmmədov bildirib ki, tədbir məkanı BOS və onun ətrafında formalaşdırılan ümumi əməliyyat əhatə dairəsi 53 hektar təşkil edir. Bunun 43 hektarı əsas tədbir məkanı, 10 hektarı isə əsas nəqliyyat terminalı və parklanma-transfer zonası kimi planlaşdırılıb.

Stadion müvafiq zonalara bölünüb. A Zonası 5 küçədən ibarətdir, hər küçəyə Azərbaycanın müxtəlif şəhərlərinin adı verilib.

Yüksək səviyyəli qonaqlar və nümayəndə heyətləri üçün xüsusi zonalar ayrılıb. Burada dövlət və hökumət nümayəndələrinin qəbulu, ikitərəfli görüşlər, istirahət sahəsi və qidalanma xidməti üçün xüsusi məkanlar nəzərdə tutulub.
 

Açılış və bağlanış mərasimlərinin keçiriləcəyi tədbir zalı 6000 nəfərə qədər iştirakçını qəbul edə biləcək. Forumun əsas müzakirə və paralel tədbirlərinin olacağı zona 3,55 hektar sahəni əhatə edir və iclas zalları, tematik sessiyalar, BMT tədbirləri, paralel görüşlər və ikitərəfli danışıqlar üçün ayrılıb. Burada müxtəlif formatlı rəsmi və işgüzar görüşlərin eyni vaxtda keçirilməsi üçün şərait yaradılıb.


Jurnalistlərə məlumat verilib ki, forum zamanı gündə təxminən 300-ə qədər paralel sessiya, görüş və tədbirin keçirilməsi planlaşdırılır.

Qeyd edilib ki, tədbirdə BMT-nin 6 rəsmi dili - ərəb, Çin, ingilis, fransız, rus və ispan dilləri ilə yanaşı, Azərbaycan və türk dillərində də sinxron tərcümə təmin ediləcək. Eyni zamanda, əlilliyi olan şəxslər üçün beynəlxalq işarə dili xidməti nəzərdə tutulub.

Bütün tədbir ərazisi üzrə 35-dən çox iaşə məntəqəsinin fəaliyyəti nəzərdə tutulub. Bu məntəqələr məkanlarda və açıq hava zonalarında yerləşdirilməklə, iştirakçı axınının müxtəlif istiqamətlər üzrə paylanmasına və xidmət əlçatanlığının təmin olunmasına imkan verir. Bildirilib ki, WUF13 məkanındakı kafe və restoranlarda qiymətlərə nəzarət ediləcək.
 

Həmçinin iki hektar sahəni əhatə edən zonada "Media mərkəzi" ilə yanaşı, "Dəyirmi masa", "Xüsusi sessiya" və "Dialoq zalları" qurulub. "Media mərkəzi"ndə iş sahəsi, canlı yayım və müsahibə otaqları, mətbuat konfransı zalı, TV studiyaları və media istirahət sahəsi mövcuddur.
"Media mərkəzi"nin ümumi tutumu 600 nəfərdir.


Tədbirin fasiləsiz internet, yayım və rəqəmsal əməliyyat ehtiyaclarını təmin etmək üçün əsas və ehtiyat məlumat mərkəzləri, genişmiqyaslı fiber-optik və daxili şəbəkə infrastrukturu, simsiz şəbəkə avadanlıqları və fasiləsiz işləyəcək əməliyyat mərkəzi yaradılıb.

Sonda jurnalistlərin sualları cavablandırılıb.

Fotolar: report.az







































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin