Məlum olduğu kimi, ölkə başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq, Bakı şəhərində yerləşən yerüstü və yeraltı piyada keçidlərində eskalator və bəzi liftlərin yenilənməsi istiqamətində hazırlıq işlərinə başlanılıb.
Bu tədbirlər çərçivəsində Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) balansında olan bir sıra eskalator və mexanizmlər Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilməsi nəzərdə tutulur.
Xatırladaq ki, paytaxtın bir sıra ərazilərindəki keçidlərdə eskalatorların yararsız vəziyyətdə olması Bizim.Media tərəfindən dəfələrlə işıqlandırılıb.
Bəs, BŞİH tərəfindən bu cür istismara yararsız eskalatorlar yenilənəcəkmi?
Bakı Şəhər İcra Hakimiyyətindən Bizim.Media-ya verilən məlumata görə bu işlər çərçivəsində sakinlərdən daxil olan şikayətlər əsasında paytaxtın müxtəlif ərazilərində yerləşən 46 ünvandakı yerüstü və yeraltı keçiddə ümumilikdə 177 eskalatorun və 2 travelatorun (pilləsiz, gəzinti sürətini artırmaq üçün özü hərəkət edən şaquli yol) yenilənməsi nəzərdə tutulur:
“Bundan əlavə, yerüstü piyada keçidlərində quraşdırılmış bəzi liftlərin dəyişdirilməsi və əsaslı təmiri də nəzərdə tutulur. Aparılan təhlillər göstərir ki, yenilənəcək eskalatorların bəziləri texniki uyğunsuzluğla quraşdırılmış, digərləri isə artıq istismar müddətini başa vurmuş qurğulardır.
Vətəndaşların təhlükəsizliyini və rahatlığını təmin etmək məqsədilə həmin avadanlıqlar tamamilə yeniləri ilə əvəz olunacaq. Yeni, müasir eskalatorlar bu sahədə dünyanın aparıcı istehsalçılarından biri hesab olunan Finlandiyanın məşhur “KONE” şirkətinin istehsalı olacaq.
Belə ki, hər bir keçid üçün nəzərdə tutulan mexanizmlər individual ölçü və texniki göstəricilərə uyğun olaraq zavod şəraitində xüsusi sifarişlə istehsal edilir. Buna görə də, avadanlıqların istehsalı və çatdırılması üçün bir neçə ay vaxt tələb olunacaq. Bu səbəbdən də, quraşdırma işlərinə bu ilin payızında mərhələli şəkildə başlanılması planlaşdırılır”.
Surxay Atakişiyev, Bizim.Media


































































































