Mayın 12-də Qusar rayonunda fəaliyyət göstərən “İsmikhanlı” Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati binasında rayonda fəaliyyət göstərən iri bağçılıq təsərrüfatlarının rəhbərləri ilə geniş tərkibdə görüş keçirilib.
Bizim.Media xəbər verir ki, görüşdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, RİH başçısı Aparatının məsul əməkdaşları, Regional Su Meliorasiya Xidmətinin sektor müdiri Ömər İsmayılov, Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin, Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin, iri təsərrüfatların rəhbərləri, bələdiyyə sədrləri və Sudan İstifadəedənlər Birliklərinin (SİB) sədrləri iştirak edib.
Rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayonda icra olunan və qarşıdakı dövrdə icrası nəzərdə tutulan infrastruktur layihələri barədə geniş məlumat verib.
Rayon rəhbəri bildirib ki, əhalinin təbii qaz, elektrik enerjisi və su təchizatının yaxşılaşdırılması, yolların asfaltlanması və təmiri, abadlıq-quruculuq işlərinin aparılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
İcra başçısı vurğulayıb ki, təsərrüfat rəhbərləri, sahibkarlar ilə mütəmadi təşkil olunan görüşlərin əsas məqsədi bu sahədə mövcud problemlərin yerində öyrənilməsi, aidiyyəti dövlət qurumları ilə koordinasiyanın gücləndirilməsi, fermer və sahibkarların təkliflərinin dinlənilməsi, onların fəaliyyətlərində qarşılaşdıqları problemlərin operativ qaydada həlli və kənd təsərrüfatının dayanıqlı inkişafına dövlət dəstəyinin təmin edilməsidir.
Görüşdə 2025-ci il ərzində keçirilmiş görüşlərdə bu istiqamətdə qaldırılmış məsələlərin icra vəziyyəti, müvafiq qurumlara ünvanlanmış müraciətlər və daxil olmuş cavablar təhlil olunub, əsas müzakirə mövzularından biri suvarma suyu ilə təminat məsələsi olub.
Su təminatının yaxşılaşdırılması, suyun bölgü qrafiklərinin tənzimlənməsi, suvarma kanallarının texniki vəziyyəti və SİB-lərin fəaliyyətinin səmərəliliyinin artırılması məsələləri müzakirə edilib.
Eyni zamanda, təsərrüfatların fasiləsiz fəaliyyəti üçün zəruri olan yol infrastrukturunun və elektrik təchizatının vəziyyəti, təsərrüfat rəhbərləri, bələdiyyələr və Sudan İstifadəedənlər Birlikləri arasında qarşılıqlı əməkdaşlığın mövcud vəziyyəti dəyərləndirilib.
Cari ilin mart ayının sonu və aprel ayının əvvəllərində yağan intensiv yağışlar nəticəsində təsərrüfatlara dəymiş ziyanın aradan qaldırılması, təbii-iqlim risklərinin idarə olunması və aqrar sığorta mexanizmlərinin tətbiqi imkanları da əsas müzakirə mövzuları olub.
Rayon icra hakimiyyətinin başçısı çıxışında təsərrüfat rəhbərlərinin balansında olan transformatorların daima saz vəziyyətdə saxlanılmasının, mütəmadi texniki baxışdan keçirilməsinin vacibliyini qeyd edərək bildirib ki, elektrik qurğularında yaranan hər hansı nasazlıq yaşayış məntəqələrində elektrik enerjisinin verilişində fasilələrin yaranmasına səbəb olur.
Sahir Məmmədxanov rayon ərazisində fəaliyyət göstərən təsərrüfatların Qusar Rayon Statistika İdarəsində qeydiyyatdan keçməsinin vacibliyini vurğulayaraq bunun əkin sahələri, işçilərin sayı, istehsal olunan məhsulun miqdarı və orta aylıq əmək haqqı barədə dəqiq məlumat bazasının formalaşdırılması üçün zəruri olduğunu diqqətə çatdırıb. Həmçinin məhsulun saxlanması üçün kiçikhəcmli soyuducu anbarların inşa edilməsi təklif edilib.
Regional Su Meliorasiya Xidmətinin sektor müdiri Ömər İsmayılov dövlət tərəfindən aqrar sahədə su təchizatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışaraq qeyd edib ki, Qusar Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə bələdiyyə sədrlərinin Sudan İstifadəedənlər Birliklərinin rəhbəri təyin olunması modelinin tədbiqi təqdirəlayiq addımdır.
“İsmikhanlı” MMC-nin rəhbəri göstərilən diqqət və dəstəyə görə ölkə başçısı və rayon rəhbərliyinə minnətdarlığını bildirib.
O qeyd edib ki, 2025-ci ilin aprel ayının 30-da Azərbaycan Respublikasının Prezidentinin təsərrüfata səfəri kollektivdə böyük ruh yüksəkliyi yaratmışdır.
Görüş zamanı təsərrüfat rəhbərləri məhsul yığımı dövründə günəmuzd işçilərin işə cəlb olunması və günün sonunda onlara əməkhaqqının ödənilməsi, ixtisaslı kadrların çatışmazlığı, işçi qüvvəsinin təmin olunmasında yaranan çətinliklər barədə fikirlərini səsləndiriblər.
Qaldırılan məsələrə münasibət bildirən Rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov Qusar Peşə Liseyində aqrar sahə üçün zəruri olan yeni ixtisasların açılması və rayon üzrə əmək yarmarkalarının təşkili yolu ilə işçi qüvvəsinin təminatı məsələsinin həlli istiqamətində müvafiq addımların atılacağını bildirib.





Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu



































































































