İctimai nəqliyyatdan istifadə edənlərin DİQQƏTİNƏ - 1000 manatadək CƏRİMƏSİ VAR

Hazırda oxunan: İctimai nəqliyyatdan istifadə edənlərin DİQQƏTİNƏ - 1000 manatadək CƏRİMƏSİ VAR

612697

İctimai nəqliyyatda heyvanların daşınması məsələsi sərnişinlərin rahatlığı və narazılığı baxımından həmişə müzakirə mövzusu olub. Bir tərəfdən dördayaqlı dostlarımıza olan mərhəmət hissi, digər tərəfdən isə gigiyenik problemlər, bəzən fobiyalar sərnişinləri daim üz-üzə qoyur. Xüsusilə qucaqda, daşıma çantası olmadan heyvan aparılması digər sərnişinlərin narazılıığına səbəb olur.

Belə hallarda qanunvericilik nə deyir?

Hüquqşünas Leyla Bədəlova Bizim.Media-ya açıqlamasında bildirib ki, “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”-ın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarının 3.1.3-cü maddəsinə əsasən heyvan sahibinin ev heyvanlarını su, hava, dəmir yolu və avtomobil nəqliyyatında (şəhərlərarası avtobuslarda) aparmaq hüququ var.

Lakin insanların sağlamlığının qorunması məqsədi ilə itlər ancaq kiçik cilovda, iri cins itləri isə cilovda və buruntaqda olmalıdır. Həmin Qərarın 4.4.4-cü maddəsinə əsasən baytarlıq şəhadətnaməsi olmadıqda, yaxud şəhadətnamədə itlərin quduzluğa (digər xəstəliklərə) qarşı peyvənd olunması göstərilmədikdə, onların satılması və bağışlanması, nəqliyyat vasitələri ilə respublika daxilində bir yerdən başqa yerə aparılması qadağandır. Qadağan olunan məsələlər olmadığı təqdirdə heyvan sahibi heyvanı ictimai nəqliyyatda apara bilər.

Göstərilən qadağanın heyvan sahibi tərəfindən pozulması da qanunla məsuliyyətə səbəb olur.

Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1-ci maddəsinə əsasən ev heyvanlarının nəqliyyat vasitələri ilə aparılması şərtlərinin pozulmasına görə 200 manat məbləğində cərimə nəzərdə tutulub. Həmin Məcəllənin 290.2-ci maddəsinə əsasən göstərilən maddə ilə bağlı inzibati tənbeh almış şəxs bir il ərzində təkrar qaydanı pozduqda 300 manat məbləğində cərimə, 290.3-cü maddəsinə əsasən isə zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə isə 800 manatdan 1000 manatadək məbləğdə cərimə nəzərdə tutulub.

Qucaqda heyvan aparmaq məsələsinə gəlincə isə, əgər heyvan digər sərnişinləri narahat edir, təhlükə yaradır, allergiya və ya gigiyena problemi yaradırsa, bu artıq qayda pozuntusu kimi qiymətləndirilə bilər. İctimai nəqliyyat sürücüləri konkret sərnişininin şikayəti əsasında onun narahatlığını əsas gətirərək heyvanın minməsinə etiraz edə bilərlər.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin