Ağdamda sel suları 1,4 milyon manatdan çox qənaət yaratdı – Hafiz Əzimzadə - ÖZƏL

Hazırda oxunan: Ağdamda sel suları 1,4 milyon manatdan çox qənaət yaratdı – Hafiz Əzimzadə - ÖZƏL

612696

Son günlər havanın qeyri-sabit keçməsi, xüsusilə yağıntıların intensivliyi çaylarda sel sularının artmasına səbəb olub. Sel suları bəzi ərazilərdə müəyyən fəsadlara yol açsa da, eyni zamanda ayrı-ayrı bölgələrdə su anbarlarının dolmasına, su ehtiyatlarının formalaşmasına və bir sıra yerlərdə suvarma suyuna olan tələbatın ödənilməsinə şərait yaradıb.

Bu barədə Ağdam Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin rəisi Hafiz Əzimzadə Bizim.Media-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, Ağdam rayonu ərazisindən sağ sahildə Qarqar çayı, sol sahildə isə Xaçınçay keçir və hazırda hər iki çayda sel suları müşahidə olunur. İdarənin gücləndirilmiş iş rejimi nəticəsində sel suları heç bir maneə yaranmadan axıdılır.
 

Hafiz Əzimzadə qeyd edib ki, idarənin balansında olan Xaçınçay su anbarının ümumi həcmi 23 milyon kubmetrdir və hazırda anbar tam dolub. Qəza su tullayıcısı vasitəsilə saniyədə 4,5 kubmetr su Xaçınçay çayına ötürülür və həmin sular Ağdam rayonu ərazisində maneəsiz şəkildə axıdılır.


O bildirib ki, Xaçınçaydan götürülən su Qərvənd, Xındırıstan və İmamqulubəyli kəndlərində 1,5 kubmetrlik kanal vasitəsilə suvarmada istifadə edilir. Bu isə subartezian quyularının fəaliyyətinin dayandırılmasına və elektrik enerjisinə qənaət edilməsinə imkan yaradır.

İdarə rəisinin sözlərinə görə, Qarqar və Xaçınçay çaylarından gələn sel sularının maneəsiz ötürülməsi və səmərəli istifadəsi nəticəsində ümumilikdə 14 milyon 900 min kilovat-saat elektrik enerjisinə qənaət olunub. Bu da təxminən 1 milyon 491 min manat vəsait deməkdir.

Həmçinin qeyd olunub ki, hazırda Qarqar çayında saniyədə 3,8 kubmetr su mövcuddur və həmin sudan Əfətli kəndində 750 hektar əkin sahəsinin suvarılmasında istifadə edilir. Bununla yanaşı, sel sularının maneəsiz ötürülməsi də təmin olunur.

Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin