Hantavirusa qarşı yeni PEYVƏND tətbiq edilə bilər – MÜHÜM AÇIQLAMA

Hazırda oxunan: Hantavirusa qarşı yeni PEYVƏND tətbiq edilə bilər – MÜHÜM AÇIQLAMA

612690

Dünya hələ Covid-19 pandemiyasının təsirlərindən tam uzaqlaşmamış, bu dəfə yeni “Hantavirus” gündəmə gəlib. Son günlər bir neçə ölkədə qeydə alınan yoluxma və ölüm halları cəmiyyətdə narahatlığı artırıb, sosial şəbəkədə insanlar arasında hətta yeni pandemiya ehtimalından danışılır. Bir sıra ölkələrdə yoluxma halları aşkarlansa da, Azərbaycanda hantavirusla bağlı rəsmi yoluxma faktı qeydə alınmayıb.

Yeni virus növünün meydana gəlməsi yeni mübarizə üsullarını da aktual edir.

Maraqlıdır, Covid-19 pandemiyası dövründə edilən qabaqlayıcı vaksinlər hantavirusa qarşı da təsirlidirmi? Hantavirusa qarşı təsdiqlənmiş peyvənd varmı və bu virus gələcəkdə Covid-19 kimi qlobal təhlükəyə çevrilə bilərmi?

İnfeksionist Mərdan Əliyev Bizim.Media-ya açıqlamasında bildirib ki, ehtiyac yarandıqda hantavirus üçün yeni peyvənd tətbiq edilə bilər:

“Koronavirus peyvəndinin hantavirus üçün heç bir təsiri yoxdur. Çünki bunlar ayrı-ayrı viruslardır. Məsələn, siz qripə görə peyvənd edirdinizsə, bu sizi koronavirusdan qorumurdu. Ehtiyac yaranarsa yeni peyvənd tətbiq ediləcək”.

Hantavirusun epidemiyaya çevrilmə xüsusiyyətinə gəlincə, infeksionist bu barədə ehtimal belə olmadığını bildirib:

“Hantavirus sürətli yoluxan virus deyil”.

Qeyd edək ki, bu virusun Covid-19-dan fərqli olaraq insandan insana yoluxma halı çox nadirdir. Bu virus siçan və digər gəmiricilərdən insanlara keçə bilən nadir, amma təhlükəli virus infeksiyasıdır. İnsanlar adətən hantavirusa yoluxmuş gəmiricilərlə təmas nəticəsində, xüsusilə onların sidiyi, nəcisi və ya tüpürcəyi vasitəsilə yoluxurlar. Bəzən çirklənmiş tozun nəfəsə çəkilməsi də infeksiyaya səbəb ola bilər. Nadir hallarda gəmirici dişləmələri də virusu ötürə bilər.

Xatırladaq ki, hantavirusa ilk yoluxma simptomları gəmi səyahətində olan Niderlanddan olan yaşlı bir cütlükdə qeydə alınıb və onlar indiyə kimi həyatını itirən üç nəfər arasındadır. Buna baxmayaraq, ilkin yoluxmanın harada baş verdiyi hələ də müəyyən edilməyib.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin