Əvvəlki nəsillərlə müqayisədə daha aqressiv davranışlar sərgiləyən müasir uşaqlar erkən yaşlardan sərbəstliyə can atırlar. Bu tendensiyanın yaranmasında müxtəlif sosial və texnoloji amillərlə yanaşı, psixologiya sahəsindəki yeni yanaşmaların da rolu az deyil. Xüsusilə son vaxtlar bəzi psixoloqların yeniyetmələrə verdiyi məsləhətlərdə fərdi azadlığa, inadkarlığa çağırışı diqqət çəkir.
Bu cür çağırışlar Azərbaycan kimi ənənəvi şərq mentalitetinə xas ölkədə nə dərəcədə doğrudur?
Psixoloq Gülnar Orucova Bizim.Media-ya mövzuyla bağlı bildirdi ki, bu gün Azərbaycanda özünü psixoloq kimi təqdim edib əslində başqa sahənin yetirmələri olanlar valideynlərlə uşaqları qarşı-qarşıya qoyurlar, yanlış yönləndirirlər:
“Çox istərdim ki, bu sahədə bir qurum yaransın, bəzi psixoloqları imtahan etsinlər: kim psixoloqdur, kim deyil, bunu aydınlaşdırsınlar. Çünki günümüzdə arxitektor, rəssam, eləcə də digər sənət sahibləri özlərini psixoloq kimi təqdim edir və onların reklamı çox güclü gedir. Onlar bu işə sərmayə qoyaraq başlayırlar və əslində, ölkəyə nə qədər ziyan vururlar. Çünki diplomu, nəzəriyyəsi olmayan, bu sahədən xəbərsiz insan çıxır efirdə nələrsə danışır. Bir də görürük ki, cəmiyyət psixoloqlara qarşı aqressivləşir”.
Psixoloq deyir ki, onsuz da son dövrlərdə çətinləşən valideyn-övlad münasibətlərini bir az da gərginləşdirirlər. Artıq cəmiyyətdə valideynlərinə əl qaldıran, məktəbdə müəlliminə xəsarət yetirən uşaqlar var. Bu artıq valideyn-övlad münasibətlərinin pisləşməsinin ən pik həddidir:
“Kiçik yaşlardan valideyn uşağının bütün məsuliyyətini öz üzərinə götürür. Çantasını daşıyır, ona sürücü tutur, ev tapşırıqlarını yerinə yetirmək üçün repetitorla razılaşır. Ona görə də uşaqlar hədsiz qayğını artıq sui-istifadə eləyirlər. Azadlığı özbaşınalıq kimi anlayırlar.
Övladınıza iPhone almaqla, xarici aparmaqla, restoranları gəzdirməklə sevgi vermirsiniz. Telefonda nəyə baxır, ona nəzarət eləməliyik. Övladımıza nələrsə almaq üçün, etmək üçün çalışırıq, amma günün sonunda onu dinləmirik. Yəni bu gün övladınızı dinləməyə bir dəqiqə vaxtınız yoxdursa, onda gələcəkdə edəcəyi hər qəbahətə hazır olun”.
G.Orucova əlavə etdi ki, valideyin-övlad münasibətində istənilən halda sərhəd qorunmalıdır. Övlad qoyulan qaydalara qarşı çıxmamalıdır.
Şəfiqə Şəfa, Bizim.Media








































































































