Qobustan rayonu, Qobustan şəhərində yerləşən ölkə əhəmiyyətli "Diri baba" türbəsi bərpa ediləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Turizm Agentliyi tender elan edib.
Qurum layihə çərçivəsində görüləcək işlər müqabilində ümumilikdə 683 515 manat ödəməyi planlaşdırır.
Abidənin adının mənşəyi barədə müxtəlif rəvayətlər mövcuddur. Belə ki, bu türbədə dəfn olunmuş şəxsin sufi şeyxi Baba olduğu qeyd edilir. Rəvayətlərdən birinə görə, şeyx ömrünün son günlərini hücrəyə çəkilərək ibadət etməklə keçirir.
Hücrəsində müqəddəs kitabdan ilahi kəlamları oxuyarkən haqq dünyasına qovuşur, lakin müridləri onun öldüyündən bir neçə gün sonra xəbər tuturlar. Yəni Şeyx Baba ölsə də, bir neçə gün "diri qalır". Bu səbəbdən qəbri üzərində türbə tikiləndən sonra buraya "Diri Baba türbəsi" adı verilib.
XVII əsrdə yaşamış türk səyyahı Övliya Çələbi Mərəzəyə səyahət edərkən Diri Baba haqqında yazırdı:
"Pir Mərizat Sultan mənzilində bu həqir pirin asitanəsinə mehman olduq. Pir "Mərizat" adını daşısa da, əhali arasında "Pir Mərzə", "Pir Mirza" da adlanır. Amma səhihi "Pir Mərizat"dır, yəni "Diri Baba" adı ilə afaqi-İran və Turanda məşhurdur. Lakin "Mərizat" sözü fars danışıq dilində "bükülmüş" mənasını verir.
Həqiqətdə isə yüksək bir dağın ətəyində böyük, əzəmətli asitanə içrə bir guşədə səccadənişin olub şərəfli vücudları yun xirqələri ilə kəmər bağlayıb çöməlib oturur. Müqəddəs simaları qibləyə baxır. Mübarək başı sövmənin bir qayasına dayanıb durur. Hələ də vücudu bəyaz pambıqtək çürüməyib tər-təzə qalır..." (Oxu.az)
Bizim.Media





































































































