Azərbaycanda çətin tərbiyə olunan uşaqlar üçün xüsusi müəssisələrin olmaması məsələsi yenidən gündəmə gəlib. Bir müddət əvvəl mediada geniş müzakirə olunan 14 yaşlı Təranə Bəkirova ilə bağlı hadisə yeniyetmələr arasında davranış pozuntuları, evdən və sığınacaqlardan qaçması hallarında onları himayə edəcək xüsusi müəssisələrin olmasının zəruriliyini göstərir.
Xatırladaq ki, yeniyetmənin anası açıqlamasından qızının tez-tez evdən qaçdığını bildirirərək nəzarətin çətin olduğunu demişdi. Ailəsinin imtinasından sonra küçədə təhlükəli vəziyyətə düşən yeniyetmənin sığınacaq və sosial müdafiə sisteminə yerləşdirilməməsi məsələsi ictimaiyyət arasında hələ də ciddi müzakirə doğurur. Bu kimi hallar belə uşaqlarla işləyəcək xüsusi müəssisənin vacibliyini aktuallaşdırır.
Mövzu ilə bağlı “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova Bizim.Media-ya açıqlamasında belə mərkəzlərin yaradılmasının vacibliyini vurğulayıb.
O, bildirib ki, bu məsələ bir neçə il əvvəl də gündəmə gətirilib və aidiyyəti qurumlara müraciətlər olunub:
“Yeniyetmə qızlar arasında evdən qaçma və aqressiv davranış hallarının artması bu tip müəssisələrin vacibliyini ön plana çıxarır. Belə mərkəzlər yalnız sığınacaq funksiyasını daşımamalı, eyni zamanda psixoloji dəstək, sosial reabilitasiya və maarifləndirmə xidmətləri də göstərməlidir. Çünki problem təkcə fiziki təhlükəsizliklə bitmir, bu uşaqların cəmiyyətə yenidən sağlam şəkildə inteqrasiyası əsas məqsəd olmalıdır”.
Onun sözlərinə görə, bir çox hallarda yeniyetmələr valideynlərlə ünsiyyət çatışmazlığı, zorakılıq və ya sosial təzyiq səbəbindən bu cür addımlar atırlar. Bu isə göstərir ki, problemin kökü daha dərindir və kompleks yanaşma tələb edir:
“Əgər vaxtında psixoloji və sosial dəstək göstərilməzsə, bu hallar daha ciddi fəsadlara gətirib çıxara bilər. Ona görə də dövlət qurumları, qeyri-hökumət təşkilatları və cəmiyyət birlikdə hərəkət etməlidir. Bu mərkəzlər həm profilaktik, həm də reabilitasiya baxımından mühüm rol oynaya bilər”.
Nailə İsmayılova əlavə edib ki, belə təşəbbüslərin həyata keçirilməsi gələcəkdə sosial problemlərin azalmasına və sağlam cəmiyyətin formalaşmasına ciddi töhfə verə bilər.
Məlumat üçün bildirək ki, Türkiyə, ABŞ və bir çox Avropa ölkələrində bu kateqoriyadan olan müəssisələr mövcuddur.
Xədicə Paşayeva, Bizim.Media









































































































