Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) kruiz gəmisində 3 nəfərin həyatına son qoyan hantavirus xəstəliyi ilə bağlı açıqlama yayıb.
Bizim.Media xəbər verir ki, ÜST verdiyi açıqlamada virusun dünya əhalisi üçün aşağı risk yaratdığını və vəziyyətin yaxından izlənildiyini bildirib.
Qeyd edək ki, Cənubi Atlantikada Argentinadan Kabo-Verdeyə üzən sərnişin gəmisində yeddi nəfər hantavirusa yoluxub. Onlardan 3-ü həyatını itirib.
Bu yoluxma beynəlxalq səhiyyə orqanlarının diqqətini çəkib və virusu yenidən diqqət mərkəzinə gətirib.
Hantavirus nədir və necə ötürülür?
Hantaviruslar gəmiricilər tərəfindən daşınan və nadir hallarda insanlara ötürülən zoonotik viruslardır. Yoluxma adətən yoluxmuş gəmiricilərin sidiyi, nəcisi və ya tüpürcəyi ilə təmas yolu ilə baş verir.
Simptomlara qızdırma, baş ağrısı, əzələ ağrıları, ürəkbulanma və qusma daxildir. Erkən simptomların qrip və digər virus xəstəlikləri ilə oxşarlığı diaqnozu çətinləşdirə bilər. Ciddi xəstəlik riski və regional fərqlər.
Virus bəzi hallarda ağır klinik vəziyyətlərə səbəb ola bilər. Hantavirus kardiopulmoner sindromu Amerika qitəsində, böyrək sindromu ilə müşayiət olunan hemorragik qızdırma isə Avropa və Asiyada müşahidə olunur.
Ölüm nisbəti bölgəyə görə dəyişir. Virusun ölüm nisbəti Asiya və Avropada 1-15 faizdir, lakin Amerikada 50 faizə çata bilər.
Qlobal vəziyyət və izləmə prosesi
Qlobal miqyasda hər il 10.000 ilə 100.000 arasında yoluxma halının baş verdiyi təxmin edilir. Ən yüksək yoluxma halları Asiya və Avropada, xüsusən də Çin və Cənubi Koreya kimi ölkələrdə qeydə alınıb.
Bizim.Media



































































































