Uşaqların sevimli içkisində TƏHLÜKƏ - Valideynlərin DİQQƏTİNƏ!

Hazırda oxunan: Uşaqların sevimli içkisində TƏHLÜKƏ - Valideynlərin DİQQƏTİNƏ!

611320

Son dövrlər məşhurlaşmış köpüklü çay ("bubble tea") sağlamlıq üçün təhlükəli hesab edilib. Məlum olub ki, bu içkinin tərkibinə əlavə edilən tapioka dənələri bəzi hallarda bağırsaq keçməzliyinə və boğulmaya səbəb olur.

Rusiyalı mütəxəssis Yekaterina Titovanın sözlərinə görə, söhbət zamanı və ya tələsərkən tapioka qəbul etmək ona gətirib çıxara bilər ki, böyük, yapışqan dənələr qida borusu əvəzinə tənəffüs yollarına daxil ola bilər. Bu da asfiksiya (boğulma - kəskin tənəffüs çatışmazlığının ən ağır forması - red.) ilə nəticələnə bilər.

Bu içki Azərbaycanda da uşaqların sevimlisidir.

Bəs qida mütəxəssisləri nə deyir?

Bizim.Media
xəbər verir ki, qida məsələləri üzrə ekspert İlkin Şirinov Musavat.com-a qeyd edib ki, ümumiyyətlə, bu cür qablaşdırılmış içkilərin tərkibində şəkərin miqdarı olduqca yüksəkdir:

“Bu isə uşaqların sağlamlığı baxımından ciddi suallar doğurur: bu içkilər uşağa nə verir, gündəlik həyatında hansı real faydası var? Açıq desək, demək olar ki, heç bir faydası yoxdur.

Mən bu sualı birbaşa valideynlərə ünvanlayardım: bu cür içkiləri uşaqlara verməklə nə gözləyirsiniz? Bu, məsələnin bir tərəfidir”.

Ekspertin fikrincə, digər tərəfdən isə uşaqlar üçün daha sağlam alternativlər var və bunları ev şəraitində hazırlamaq da tam mümkündür:

“Məsələn, təbii meyvə şirələri, kök şirəsi və digər təbii içkilər həm daha faydalıdır, həm də uşağın orqanizmi üçün təhlükəsizdir. Valideynlər istəsələr, çox rahatlıqla bu cür içkiləri hazırlayıb uşaqlarına təqdim edə bilərlər.

Təəssüf ki, bəzən valideynlər ya bilərəkdən, ya da uşağın könlünü qırmamaq üçün zərərli içkiləri alıb verirlər. Hətta bununla da kifayətlənməyərək, “bubble tea” və energetik içkilər kimi məhsulları da uşaqlara təqdim edən hallar var.

Bu gün artıq 6-7, hətta 8 yaşlı uşaqların əlində bu cür içkiləri görmək adi hala çevrilib. Bəzən isə buna bir növ “fərqlilik” və ya “müasirlik” kimi baxılır, sanki uşağın belə içkilərdən istifadə etməsi valideyn üçün fəxr mənbəyinə çevrilir. Halbuki bu, son dərəcə yanlış yanaşmadır”.

İlkin Şirinovun sözlərinə görə, bu cür içkilərin uşaqlara verilməsi onların orqanizmində erkən yaşlardan insulin dirəncinin yaranmasına səbəb olan əsas amillərdən biridir:

“Bundan əlavə, bu içkilər bağırsaq problemlərinə, xüsusilə qəbizliyə və həzm sisteminin pozulmasına gətirib çıxara bilər. Xüsusilə “bubble tea” kimi içkilərdən danışarkən qeyd etmək lazımdır ki, onların tərkibində olan tapioka dənəcikləri uşaqlar üçün əlavə risk yaradır.

Bu dənəciklər elastik və sürüşkən olduğu üçün, xüsusilə aktiv, yerində dayanmayan uşaqlarda boğulma təhlükəsi yarada bilər. Məlumdur ki, uşaqlar çox vaxt içkini tələsik, bəzən danışa-danışa içirlər. Bu halda isə həmin dənəciklərin tənəffüs yollarına düşmə riski artır və bu, birbaşa həyat təhlükəsi deməkdir.

Bundan başqa, bu içkilərin tərkibində şəkər və kalori normadan xeyli artıqdır.

Əsasən şəkər siroplarından ibarət olan bu məhsullar artıq çəkiyə, piylənməyə səbəb ola bilər. Eyni zamanda, diş minasına zərər vurur, diş çürümələrini sürətləndirir. Digər mühüm məqam isə məhsulun keyfiyyəti və gigiyenik şərtlərlə bağlıdır.
 

Bu içkilərin hazırlanması, saxlanması və daşınması zamanı temperatur rejiminə düzgün əməl olunmadıqda, bu, uşaqlarda mədə-bağırsaq pozuntularına, zəhərlənmələrə və müxtəlif infeksiyalara yol aça bilər.


Ümumilikdə, bu məsələyə tam qadağa prizmasından yanaşmaq bəlkə də bir qədər sərt görünə bilər. Lakin daha doğru yanaşma odur ki, əgər uşaq bu cür içkilərdən istifadə edirsə, bu, mütləq valideyn nəzarəti altında və çox nadir hallarda baş versin.

Ən əsası isə bu, uşağın gündəlik həyat tərzinə çevrilməməlidir. Çünki ortada həm sağlamlıq riski, həm də boğulma kimi birbaşa həyati təhlükə varsa, bu cür içkilərin istifadəsinin nə dərəcədə doğru olduğu ciddi şəkildə sual altına düşür”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin