Xəbər verdiyimiz kimi ötən il sentyabrın 15-dən Xırdalan-Sumqayıt xətti üzrə qatarla sərnişin daşımaları müvəqqəti olaraq dayandırılıb. Bu, Pirşağı-Novxanı-Xırdalan avtomobil yolunun tikintisi layihəsi çərçivəsində mövcud dəmir yolu xəttinin altından yeni avtomobil tunelinin inşası ilə bağlıdır.
MÖVZU İLƏ BAĞLI:
Bakı-Sumqayıt yolunda tıxacların üç əsas SƏBƏBİ – Nə vaxt həllini TAPACAQ?
Bəs, Xırdalan-Sumqayıt dəmir yolu xətti nə zaman açılacaq?
Bununla bağlı Azərbaycan Dəmir Yolları QSC-yə sorğu göndərdik. Qurumdan Bizim.Media-ya bildirilib ki, tunelin tikintisi yekunlaşmaq üzrədir:
““Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Xırdalan şəhərinin M-1 Bakı−Quba Rusiya Federasiyası ilə dövlət sərhədi və M-4 Bakı−Şamaxı−Yevlax avtomobil yolları ilə əlaqələndirməsini təmin etmək məqsədilə Xırdalan–Güzdək sahəsində dəmiryol xətlərinin altından yeni avtomobil yolu keçidinin inşası başa çatdırıldıqdan sonra Xırdalan-Sumqayıt istiqamətində sərnişin qatarlarının hərəkətinin bərpası ilə əlaqədar işlərə başlanılacaq”.
Surxay Atakişiyev, Bizim.Media




































































































