Altıncı “Yüksəliş” müsabiqəsinin Ümumi biliklər imtahanı keçirildi

Hazırda oxunan: Altıncı “Yüksəliş” müsabiqəsinin Ümumi biliklər imtahanı keçirildi

610925

Mayın 2-3-də altıncı “Yüksəliş” müsabiqəsinin ilk imtahan mərhələsi olan Ümumi biliklər imtahanı keçirilib. Bununla da müsabiqənin qeydiyyat mərhələsini uğurla tamamlayan namizədlər üçün bilik və bacarıqların qiymətləndirilməsi prosesinə start verilib.

Bizim.Media xəbər verir ki, onlayn formatda təşkil olunan imtahan “Azərbaycan bloku”, “Dünya bloku”, “İdarəetmənin əsasları” və “Müasir trendlər” üzrə sualları əhatə edib.

Hər blok üzrə iştirakçılara 25 sual təqdim olunub. Saat 15:00-da başlayan imtahan 90 dəqiqə davam edib. İmtahana ümumilikdə 10 min 176 nəfər qoşulub.

İmtahan başa çatdıqdan sonra iştirakçılara 24 saat ərzində şəxsi kabinetləri vasitəsilə imtahan platformasına daxil olaraq suallar və cavablar ilə tanış olmaları üçün şərait yaradılıb.
 

Ümumi biliklər imtahanında minimum 60 bal toplayan iştirakçılar müsabiqənin növbəti mərhələsi olan Analitik təhlil imtahanına vəsiqə qazanacaqlar. Ümumi biliklər imtahanının nəticələri imtahan başa çatdıqdan sonra 3–5 iş günü ərzində iştirakçıların şəxsi kabinetinə hesabat formasında yerləşdiriləcək.


Bu il Ümumi biliklər imtahanı əvvəlki illərdən fərqli olaraq yenilənmiş sual formatı və texniki yanaşma əsasında keçirilib. Hər blok üzrə təqdim olunan 25 sualın 15-i qapalı, 10-u isə açıq tipli suallardan ibarət olub.

Açıq tipli sualların 6-sı seçim, 4-ü isə boşluqdoldurma formatında təqdim edilib. Qapalı suallar sırasında audioformatlı suallar da yer alıb. Bundan əlavə, imtahan zamanı suallar bloklar üzrə ardıcıl şəkildə cavablandırılıb və blok daxilində əvvəlki suallara geri qayıtmaq imkanı olmayıb.

Tətbiq olunan yeniliklər iştirakçıların diqqət, analitik yanaşma, məlumatı düzgün qiymətləndirmə və qərarvermə bacarıqlarının daha çevik şəkildə ölçülməsinə xidmət edib.

İmtahan günlərində iştirakçıların texniki suallarının operativ cavablandırılması məqsədilə “Yüksəliş” müsabiqəsi üzrə “1820” Çağrı Mərkəzi, müsabiqənin sosial şəbəkə hesabları və [email protected] elektron poçt ünvanı gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. Həm ölkədaxili, həm də ölkəxarici müraciətlərə operativ qaydada baxılaraq cavablandırılıb.
 

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.


Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2025-ci il dekabrın 10-da müvafiq Sərəncam imzalanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin