2023-cü ildən etibarən Bakı Təşəbbüs Qrupu müstəmləkə və neomüstəmləkə siyasətlərinin nəticələri, hüquqi məsələlər, insan hüquqlarının qorunması, yerli xalqların hüquqlarının müdafiəsi kimi müxtəlif mövzulara həsr olunmuş 35-dən çox beynəlxalq tədbirə uğurla təşkilatçılıq edib.
Bizim.Media “apa.az”a istinadla xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov “Post-kolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” adlı beynəlxalq Gənclər Forumunda deyib.
“Həmçinin, bildiyiniz kimi, 2024-cü ildən etibarən biz fəaliyyətimizi beyin mərkəzi kimi davam etdirməyə başlamışıq və 2024-cü ildən bəri üç kitab nəşr etmiş, 40-dan çox hesabat hazırlayıb dərc etmişik.
Eyni zamanda beynəlxalq təşkilatlara və müvafiq beynəlxalq institutlara nüfuzlu hesabatlar hazırlayıb təqdim etmişik. Təəssüf ki, hələ də müstəmləkəçilikdən əziyyət çəkən 9-dan çox xarici ərazi ilə, eləcə də neomüstəmləkə siyasətlərindən zərər görmüş 15-dən çox ölkə ilə uğurlu əməkdaşlıq qurmuşuq”, - Abbas Abbasov qeyd edib.
O bildirib ki, Birləşmiş Millətlər Təşkilatı və onun qurumları, İnsan Hüquqları Şurası, İnsan Hüquqları Komitəsi, Afrika mənşəli xalqlar üzrə Daimi Forum və Birləşmiş Millətlər Təşkilatının Gənclər Ofisi, həmçinin Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar və onların institutları ilə əməkdaşlıq qurulub.
Bizim.Media





























































































