Bu gün TƏBİB-də yüksək vəzifəyə təyin olunanların ADLARI

Hazırda oxunan: Bu gün TƏBİB-də yüksək vəzifəyə təyin olunanların ADLARI

610518

Xəbər verdiyimiz kimi, bu gün TƏBİB-də bir sıra yüksək vəzifələri yeni təyinatlar olub.

Bizim.Media yeni təyin olunan şəxslərin siyahısını təqdim edir.

Rahim Hüseynov

TƏBİB-in İcraçı direktorunun müavini təyin olunan Rahim Hüseynov KİMDİR? – DOSYE

Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub. Qeyd edək ki, R.Hüseynov idarəetmə və menecment sahəsi üzrə ali təhsil alıb, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində menecment ixtisası üzrə magistratura təhsilini fərqlənmə diplomu ilə başa vurub, eyni zamanda Türkiyədə İstanbul Dövlət Universitetində Beynəlxalq İdarəetmə (MBA) proqramını tamamlayıb.

Əmək fəaliyyətinə 2011-ci ildə başlayan Rahim Hüseynov 10 ilə yaxın müddətdə özəl sektorda müxtəlif rəhbər vəzifələrdə çalışaraq idarəetmə və biznes proseslərinin təşkili sahəsində geniş təcrübə qazanıb. 2021–2025-ci illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində Daxili nəzarət, audit, monitorinq və təhlil departamentinin rəhbəri vəzifəsində fəaliyyət göstərib.

2025-ci ildən etibarən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.

Zəhra Vəzirova

Tibb üzrə fəlsəfə doktoru, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının prorektoru Vəzirova Zəhra Şamil qızı Yeni Klinikaya direktor təyin edilib.

Z.Vəzirova 1998–2005-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasında həkim-reanimotoloq kimi, 2005–2012-ci illərdə həmin tibb müəssisəsinin İntensiv terapiya və reanimasiya şöbəsinin müdiri vəzifəsində çalışıb.

2012–2018-ci illərdə Milli Onkologiya Mərkəzində Reanimasiya, həmçinin Anesteziologiya və reanimasiya şöbəsinə rəhbərlik edib.

2019–2024-cü illərdə isə İ.M.Seçenov Universitetinin Tədris-Simulyasiya Mərkəzinin rəhbəri kimi fəaliyyət göstərib.

2023–2025-ci illər ərzində Azərbaycan Respublikasının Reanimotoloqlar və Anestezioloqlar Cəmiyyətinin (AzRAC) İdarə Heyətinin sədri vəzifəsində fəaliyyət göstərib. 2020-ci ildən Azərbaycan Tibbi Simulyasiya Tədrisi Assosiasiyasının İcraçı direktoru, 2024-cü ildən “Society in Europe for Simulation Applied to Medicine” (SESAM) təşkilatının üzvüdür. Z.Vəzirova 55-dən artıq elmi nəşrin müəllifidir.

Zaur Xəlilov

Əməkdar həkim, tibb üzrə fəlsəfə doktoru Xəlilov Zaur Bəhmən oğlu Mərkəzi Neftçilər Xəstəxanasına direktor təyin edilib.  Z.Xəlilov 1997-1998-ci illərdə Akad. M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində internaturanı tamamladıqdan sonra, 1999-2002-ci illərdə cərrahiyyə ixtisası üzrə aspiranturanı tamamlayıb. 2002-ci ildən Mərkəzi Klinik Xəstəxanada ümumi cərrah olaraq başlayıb.

2010-2012-ci illərdə Ümumi cərrahiyyə şöbəsinin müdiri, 2012-ci ildən hazırkı təyinatınadək Cərrahiyyə üzrə baş həkim müavini vəzifəsində çalışıb. Zaur Xəlilov ölkəmizdə orqan transplantasiyası (qaraciyər, böyrək və s.) əməliyyatını icra edən azsaylı mütəxəssislərdən biridir. O, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2022-ci ildə “Əməkdar həkim” adı ilə təltif edilib.

Hacı Lətifov

Lətifov Hacı Məhəmmədoviç Abşeron Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib. Təcrübəli cərrah Hacı Lətifov 1997-1998-ci illərdə 1 saylı şəhər klinik xəstəxanasında Ümumi cərrahiyyə şöbəsində internaturanı tamamladıqdan sonra, 1998-2019-cu illərdə həmin xəstəxanasının Cərrahiyyə şöbəsində ümumi cərrah kimi fəaliyyət göstərib.

2019-2023-cü illərdə Medistyle Hospitalda ümumi cərrah, 2023-2025-ci illərdə isə Yeni Klinikada ümumi cərrah olaraq fəaliyyət göstərib.

13.01.2025-ci il tarixindən hazırkı təyinatınadək Zaqatala Rayon Mərkəzi Xəstəxanasında direktorun cərrahi xidmətlər üzrə müavini vəzifəsində çalışıb.

H.Lətifov 2007-ci ildə Rusiyada “Diaqnostika laparoskopiya, Operativ laparoskopiya” üzrə ixtisasartırma akademiyasını, 2008 və 2009-cu illərdə Almaniyanın Humbolt Kliniki Mərkəzində keçirilən kursları, 2014-cü ildə Hindistanın “Galaxy Care” Laparoskopiya İnstitunda “Laparoskopiya və Laparoskopik Ginekoloji Onkologiya” kursunu tamamlayıb.

Musa Abbasov

Musa Abbasov “Semaşko”nun direktoru TƏYİN EDİLDİ

Əməkdar həkim, tibb elmləri üzrə fəlsəfə doktoru Abbasov Musa Qara oğlu Kliniki Tibbi Mərkəzə direktor təyin edilib. M.Abbasov 1996-2003-cü illərdə Azərbaycan və Ukraynada bir sıra xəstəxanalarda həkim olaraq fəaliyyət göstərib. 2003-2014-cü illərdə Mərkəzi Klinik Xəstəxanada fəaliyyət göstərərək baş həkim, baş direktor və direktorlar şurasının üzvü kimi müxtəlif rəhbər vəzifələrdə çalışıb. Eyni zamanda Mərkəzi Klinikanın Gəncə diaqnostika və klinik xəstəxanalarında baş həkim, baş direktor vəzifələrində fəaliyyət göstərib.

2014–2020-ci illərdə Bona Dea Beynəlxalq Hospitalında baş direktorun müavini və baş həkim vəzifələrini icra edib. 2020-ci ildən hazırkı təyinatadək Mərkəzi Neftçilər Xəstəxanasının direktoru vəzifəsində çalışıb. ABŞ, Almaniya, Belçika, Türkiyə kimi ölkələrdə xəstəxana idarəetmə sistemi (HIS) konfranslarının iştirakçısı olub.

Musa Abbasov 2021-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Əməkdar həkim” adı ilə təltif edilib.

O, I Qarabağ müharibəsinin iştirakçısı və müharibə veteranıdır. 2020-ci ildə Vətən müharibəsi zamanı rəhbərlik etdiyi tibbi heyətlə birlikdə yüzlərlə yaralı hərbçinin əməliyyat və müalicəsinin təşkilində mühüm rol oynayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin