Çoxmərtəbəli binalarla bağlı YENİ QƏRAR – Kombidən sonra kondisionerlər də QADAĞAN OLUNACAQ?

Hazırda oxunan: Çoxmərtəbəli binalarla bağlı YENİ QƏRAR – Kombidən sonra kondisionerlər də QADAĞAN OLUNACAQ?

609908

Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin qərarına əsasən, istilik sistemləri ilə bağlı tikinti qaydalarında mühüm dəyişiklik edilib.

Qərara görə, yalnız 5 mərtəbəyə qədər olan yaşayış binalarında fərdi istilik sistemlərinin quraşdırılmasına icazə veriləcək. Daha hündür binalarda isə mərkəzləşdirilmiş istilik sistemləri və ya alternativ olaraq elektrik əsaslı isidici vasitələrdən istifadə nəzərdə tutulur.

Bu dəyişiklik yeni tikililərə şamil edilir və şəhərsalma, enerji səmərəliliyi və təhlükəsizlik standartlarının təkmilləşdirilməsi məqsədi daşıyır. Bununla belə, qərarın mövcud binalara və isitmə sistemlərinə aid edilməsi məsələsi ictimai müzakirə mövzusu olaraq qalır.

Sual yaranır ki, daha əvvəl tikilmiş çoxmərtəbəli binalarda kombilərin vəziyyəti necə olacaq?

Mövzu ilə əlaqədar Bizim.Media-ya danışan millət vəkili Naqif Həmzəyev bildirdi ki, qərar yeni tikiləcək binalara şamil edilir, mövcud binalarda isə fərdi istilik sistemləri (kombilər) istifadə olunacaq. Əgər təhlükəsizlik və texniki standart pozuntusu varsa, bu halda yoxlama və düzəliş tələb oluna bilər.

“Yüksəkmərtəbəli binaların mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz olunması o qədər də asan məsələ deyil. Çünki elə binalar var ki, onların həyətində yer yoxdur, orada mərkəzi istilik sisteminin quraşdırılması və binaların istiliklə təmin olunması üçün qazanxanaların tikilməsi mümkün deyil.

Bəzi binaların isə mərkəzi istilik xətlərinə qoşulması çətindir, çünki orada yenidən qazıntı işləri aparılmalıdır. Bu baxımdan da yalnız mümkün olan yerlərdə hər bina fərdi şəkildə mərkəzi sistemə qoşula bilər. Başqa sözlə, hansı binada dəyişiklik mümkündürsə, həyata keçiriləcək. Mümkün olmayan binalarda isə istilik təchizatı köhnə qaydalarla təmin ediləcək”.

Mərkəzi soyutma sisteminə gəlincə...

Bu, texniki olaraq mümkündür və hətta daha səmərəlidir. Lakin isitmə sistemi ilə müqayisədə daha bahalıdır. Ona görə də uzunmüddətli prosesdir və mərhələli şəkildə həyata keçirilə bilər.

Qeyd edək ki, mərkəzi isitmə və soyutma sistemi hələ ki iri biznes mərkəzlərində və “smart city” tipli yaşayış məntəqələrində tətbiq olunur.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin