Ağrıkəsici dərmanların nəzarətsiz istifadəsi sağlamlıq üçün gizli təhlükə hesab olunur.
Bizim.Media xəbər verir ki, bu barədə “gazeta.ru”ya açıqlamasında həkim Tatyana Qolovçanskaya bildirib.
Həkim bildirib ki, qeyri-steroid iltihabəleyhinə preparatların uzunmüddətli və özbaşına qəbulu xora xəstəliyinə səbəb ola bilər.
Onun sözlərinə görə, bu vəziyyət daha çox insanların miqren, diş və ya xroniki ağrılar zamanı mütəmadi olaraq ağrıkəsici qəbul etməsi fonunda yaranır. Xüsusilə “İbuprofen” kimi preparatların tez-tez istifadəsi risk yaradır.
“İlk baxışda bu, təhlükəli görünmür: insan dərman qəbul edir və ağrı azalır. Lakin zamanla bu vərdişə çevrilə bilər və şəxs davamlı olaraq ağrıkəsicilərdən istifadə etməyə başlayır”, – deyə həkim qeyd edib.
Mütəxəssis vurğulayıb ki, uzun müddətli və nəzarətsiz qəbul nəticəsində mədə xorası və hətta mədə-bağırsaq qanaxması kimi ağır fəsadlar yarana bilər. Problemin əsas səbəbi dərmanların özündən çox, onların düzgün qaydada qəbul edilməməsidir.
Qolovçanskaya qeyd edib ki, hər bir dərmanın dəqiq dozaj qaydası və istifadə rejimi var və buna əməl olunması həyati əhəmiyyət daşıyır.
O əlavə edib ki, “Parasetamol” və “İbuprofen” geniş yayılmış fikrin əksinə olaraq tam zərərsiz deyil. Bu preparatların nəzarətsiz istifadəsi qaraciyərə toksik təsir göstərə bilər.
Həkimlər ağrıkəsici qəbul edərkən diqqətli olmağı, qəbul edilən dərmanın növünü, dozasını və istifadə tezliyini mütləq nəzərə almağı tövsiyə edir.
Bizim.Media


































































































